Cənazə namazı - fərzi-kifayədir. Yəni, bir və ya bir neçə şəxsin qılması ilə digərlərinin boynundan düşən vacib vəzifədir. Qılınış üsulu məzhəblərə görə fərqlidir.
Cəfəri məzhəbinə görə 5 təkbirlə qılınır, Fatihə toxunmaz, özünün xas duaları oxunar. Qüsl və dəstəmaz vacib deyil, çünki adı namaz olsa da dua mahiyyəti daşıyır. Qiyabi cənazə namazı caiz deyildir. Səsli oxunur. Təkbirlərdə əllər qaldırılır. Sonra əllər açıq olaraq yana salınır.
Hənəfi məzhəbinə görə 4 təkbirlə qılınır. Dualar səssiz oxunur, 3-cü təkbirdən sonra cənazə duasını bilməyən Fatihə oxuya bilər. Təkbirlərdə əllər qaldırılmır. Dəstəmaz şərtdir. Əgər namazı ötürmək qorxusu olarsa dərhal təyəmmüm alıb qılanlara qoşulmaq olar. Qiyabi cənazə namazı caizdir. Çünki Peyğəmbər Həbəş kralına, Uhud şəhidlərinə və digərlərinə qiyabi cənazə namazı qılması haqda faktlar var.
Maliki, Hənbəli, Şafii məzhəblərində də demək olar ki, eynidir. Maliki məzhəbində fərz namazlar əli açıq qılındığı üçün cənazə namazında da əllərin açıq olması məqsədəuyğun görülüb.
Zeydi məzhəbinə görə cənazə namazı 5 təkbirlə qılınır. İlk təkbirdə əlləri qaldırıb, digərlərində qaldırmazlar. Allaha həmd sına hissəsində dua niyyəti ilə Fatihə oxuna bilər. Digər dualar da oxuna bilər. Dəstəmazlı olmaq müstəhəbdir. Əllər açıq olaraq yana salınır.
İsmaili, İbadiyyə məzhəblərinə görə də 5 təkbirlə qılınır. İsmaili məzhəbində səsli, təkbirlərdə əllər qaldırılır. Lakin İbadiyyəyə görə səssiz, yalnız başlanğıc təkbirdə əllər qaldırılır. Hər iki məzhəbdə təkbirdən sonra əllər yana salınır.
Məzhəblərdə cənazə namazı duaları mahiyyət etibarı ilə eyni məzmunludur. İmam Əlidən nəql edildiyinə görə ilk təkbirdən sonra Allaha həmd- səna, ikincidən sonra Peyğəmbərə səlam-salam, üçüncüdən sonra özün və möminlər, müsəlmanlar üçün dua, dördüncüdən sonra ölü üçün dua edib bağışlanma diləyərək, beşinci təkbirdən sonra da sağa - sola salam verib yükunlaşdırmalısan.
Tural İrfan, ilahiyyatçı.