“C-130” qəzası ilə bağlı yeni məlumat: texniki nasazlıq ehtimal olunur -17:14

“C-130” qəzası ilə bağlı yeni məlumat: texniki nasazlıq ehtimal olunur -17:14
17:14
Qardaş Türkiyəyə məxsus “C-130” tipli hərbi nəqliyyat təyyarəsinin Gəncədən havaya qalxdıqdan sonra Gürcüstan ərazisində qəzaya uğraması şok effekti yaratdı. Qəza nəticəsində təyyarədəki 20 nəfərin həlak olduğu bildirilir.

Qəzadan dərhal sonra Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana başsağlığı verdi və ardınca telefon əlaqəsi saxladı. O cümlədən, Azərbaycanın aidiyyəti strukturlarının rəhbərləri də türkiyəli həmkarları ilə təmasdadırlar.
Rusiya iddiası
Təəssüf ki, rəsmi rəy olmadan məsələ ilə bağlı konspiroloji versiyalar irəli sürülür. Xüsusilə bu hadisədə Rusiya və İsrailin mümkün rolu daha çox qabardılır. Əvvəla, Rusiyanın bu qəza ilə əlaqələndirilməsi məntiqi baxımdan dayanıqlı deyil. Aydın məsələdir ki, Rusiya 2024-ci ilin dekabrında AZAL-a məxsus “Embraer-190” təyyarəsini vurmaqla oxları öz üzərinə çevirdi. Lakin həmin hadisə tamamilə fərqli şəraitdə və Rusiyanın öz hava məkanında baş vermişdi. O zaman Moskva öz hava sərhədlərinin pozulduğunu iddia etdi və bu, onun daxili qərarı idi. Amma ötəngünki hadisə Gürcüstan ərazisində baş verib, burada Rusiya Hərbi Hava Qüvvələrinin nə hüquqi, nə də əməli fəaliyyət səlahiyyəti yoxdur. Digər tərəfdən, Rusiya ilə Türkiyə arasında hazırda birbaşa qarşıdurma situasiyası müşahidə olunmur. Əksinə, iki ölkə arasında həm iqtisadi, həm enerji, həm də regional məsələlərdə koordinasiyalı münasibətlər davam edir.
Bundan başqa bəzi iddialar bu qəzanın 8 noyabrda Bakıda keçirilən Zəfər Paradında nümayiş olunan Türkiyə–Azərbaycan–Pakistan birliyinə cavab kimi təşkil edildiyi yönündədir. Halbuki nə Prezident İlham Əliyev, nə də Prezident Rəcəb Tayyib Ərdoğan bu birliyi hər hansı dövlətə qarşı yönəlmiş hərbi alyans kimi təqdim etməyiblər. Əksinə, bu, dost və qardaş ölkələrin əməkdaşlıq və həmrəylik göstəricisidir. Türkiyə, Azərbaycan və Pakistanın birliyinin Rusiya və ya başqa ölkələrə qarşı düşmən mövqedə olması barədə rəsmi və ya faktiki heç bir dəlil yoxdur. Paraddakı mənzərə sırf regionda strateji tərəfdaşlığın, texniki-müharibə qabiliyyətinin və qarşılıqlı dəstəyin rəmzi idi.
İsrailin hücum iddiası
Bu versiya da reallıqla uzlaşmır. İsrailin Türkiyə və ya Azərbaycanla münasibətlərini zədələmək üçün belə addım atması siyasi baxımdan məntiqsiz olardı. Türkiyə və Pakistan da İsrail kimi ABŞ-ın müttəfiqi statusundadırlar. ABŞ-ın təhlükəsizlik sisteminin bir hissəsi olan bu ölkələrin bir-birinə qarşı açıq şəkildə hərbi təxribat törətməsi Vaşinqtonun strateji maraqlarına da ziddir. Üstəlik, İsrail son illərdə Azərbaycanla müdafiə və texnoloji sahələrdə əməkdaşlığı genişləndirib. Belə bir şəraitdə qəsdən Türkiyəyə məxsus təyyarəni hədəfə alması onun həm Bakı, həm Ankara, həm də Vaşinqtonla münasibətlərini pozması demək olardı.
Kənar müdaxilə və daxili nasazlıq ehtimalları
Qəzanın səbəbləri ilə bağlı ilkin məlumatlar və faktlar göstərir ki, burada hər hansı təxribat və ya xarici müdaxilə izləri yoxdur. Əksinə, bütün əlamətlər hadisənin texniki xarakterli olmasına işarə edir. Məsələ ondadır ki, qəzaya uğrayan təyyarə artıq uzun illərdir istismarda idi və bu, onun konstruktiv baxımdan köhnə sayıldığı mənasına gəlir. “C-130” tipli təyyarələr 1950-ci illərdən istehsal olunur və dünya ordularında hələ də xidmət edir. Lakin bu qədər uzun istismar müddəti zamanı texniki yorğunluq, korroziya və struktur zəifliklərinin yaranması qaçılmazdır. Məlumatlara görə, həmin təyyarə sonuncu dəfə 2020-ci ildə əsaslı texniki baxışdan keçirilib, yəni qəza baş verən vaxta qədər təxminən beş il ötüb. Hərbi aviasiyada beş il böyük müddətdir, xüsusilə də aktiv istifadə olunan və ağır şəraitdə uçuşlar həyata keçirən nəqliyyat təyyarələri üçün.
İlkin müşahidələr…
İlkin müşahidələr onu göstərir ki, təyyarənin korpusunda heç bir kənar təsir və ya partlayış izi yoxdur. Bu fakt artıq hadisənin vurulma və ya daxili partlayış nəticəsində baş verməsi versiyalarını istisna edir. Göyərtədə isə yalnız F-16 təyyarələrinin texniki xidmətində istifadə edilən ehtiyat hissələri olub və heç bir partlayıcı maddə daşınmayıb. Əgər içəridə hər hansı partlayış baş versəydi, korpusda deformasiya və yanma izləri mütləq şəkildə görünərdi.
Ehtimallardan biri odur ki, uzunmüddətli istismar nəticəsində korpusda metal yorğunluğu və korroziya yaranıb, bu da yüksək təzyiq altında uçuş zamanı strukturun zədələnməsinə və qəfil dağılmasına səbəb olub. Digər mümkün izah isə yüklərin təyyarə daxilində bərkidilməsi ilə bağlıdır. Əgər yük lazımi şəkildə sabitlənməyibsə, uçuş zamanı yaranan turbulentlik və ya manevr nəticəsində yerindən tərpənə bilər, bu da balansın pozulmasına, təyyarənin idarəetmədən çıxmasına səbəb olar. Belə hallar hərbi nəqliyyat aviasiyasında nadir deyil və çox zaman ani baş verdiyi üçün ekipajın reaksiya və müdaxiləsinə imkanı qalmır.
Politoloq Turan Rzayev

Sizin reklam burada
Sizin reklam burada