Cari il ərzində Azərbaycan və Ermənistanın XİN rəhbərləri arasında ümumilikdə 5 görüş keçirilib.
News365.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinin 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışında yer alıb.
Bildirilib ki, sözügedən görüşlər 28-29 fevral tarixlərində Berlində, 10-11 may tarixlərində Almatıda, 10 iyul tarixində isə NATO-nun 75 illiyinə həsr olunmuş Zirvə görüşü çərçivəsində Vaşinqtonda, 26 sentyabr tarixində BMT Baş Assambleyasının 79-cu İllik Sessiyasının yüksəksəviyyəli müzakirələrində iştirak çərçivəsində Nyu-Yorkda və 18 oktyabr tarixində İstanbulda keçirilən “3+3” toplantısı çərçivəsində baş tutub.
Məlumata görə, tərəflər arasında aparılan ikitərəfli danışıqlar nəticəsində iki ölkə arasında sülh sazişinin mətni üzrə əhəmiyyətli irəliləyiş əldə edilib: “Nəticə etibarilə, sazişin mətnində açıq qalan məsələlər ciddi şəkildə azalıb. İl ərzində sərhədlərin delimitasiyası və demarkasiyası sahəsində müsbət nəticələr əldə edilib. İki ölkənin Baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə məşğul olan komissiyaların əldə etdiyi razılığa əsasən, Azərbaycanın Ermənistanın işğalı altında olan Baqanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin Azərbaycanın suveren nəzarətinə qaytarılması təmin edilməklə, dövlət sərhədinin 13 km-ə qədər hissəsinin delimitasiya və demarkasiyası aparılıb.
Sözügedən razılıq Ermənistan tərəfindən işğal altında olan ərazilərin ikitərəfli danışıqlar yolu ilə qaytarılması və iki dövlət arasında rəsmi dövlət sərhədinin bir qisminin delimitasiya və demarkasiyasını təsbit edən ilk nəticə kimi əlamətdar olub. Bundan əlavə, sərhədin delimitasiyası xüsusunda daha bir ciddi irəliləyiş hər iki tərəfdən müvafiq komissiyalarının əsasnamələrinin razılaşdırılması olub ki, bu da komissiyaların növbəti mərhələdə birgə işini tənzimləyərək, prosesin irəli aparılması baxımından mühüm əhəmiyyət kəsb edir”.