"Xocalı faciəsi, Azərbaycan xalqının ən yeni tarixində ən dəhşətli, ən qanlı faciələrdən biridir. Bir gecədə, erməni silahlı dəstələri, Rusiyanın Xankəndidə yerləşən 366-cı motoatıcı alayının hərbi texnikasından istifadə edərək Xocalı şəhərinə hücum etdilər. Şəhər bir gecədə 700-ə qədər insanın vəhşicəsinə qətlə yetirildiyi, çox sayda insanın əsir götürüldüyü, bir qrup insanın isə yalnız qaçaraq canını qurtardığı bir qırğına çevrildi. Qətlə yetirilənlər arasında qadınlar, uşaqlar, qocalar da var idi. Onları təkcə öldürməklə kifayətlənmirdilər, bəzilərinin dərisini soyur, cəsədləri tanınmaz hala salırdılar."
Milli Məclisin deputatı Aydın Mirzəzadə bu sözləri News365.az-a açıqlamasında deyib.
"Xocalı faciəsi ilk növbədə erməni işğalçılarının Azərbaycan xalqının iradəsini qırmaq, Azərbaycan əsgərlərində qorxu yaratmaq məqsədilə törədildi. Böyük faciələr törətmək artıq ermənilər üçün adi hala çevrilmişdi. Eyni zamanda, keçmiş SSRİ rəhbərliyinin Dağlıq Qarabağ məsələsində ermənilərin maraqlarına göz yumması, Azərbaycanın o vaxtkı zəif rəhbərliyinin insanların təhlükəsizliyinə biganə yanaşması faciənin baş verməsinə səbəb oldu. Beləliklə, bütün dünya kiçik bir Azərbaycan şəhərinin ermənilər tərəfindən soyqırıma məruz qalmasının şahidi oldu.
Əgər o dövrdə Azərbaycanın problemlərini həll etməyi bacaran, xalqın dəstəyinə malik olan lideri olsaydı, əgər beynəlxalq ictimaiyyət erməni millətçilərinin Azərbaycan torpaqlarına qarşı iddialarına və vəhşiliyinə layiqli reaksiya versəydi, Xocalı soyqırımı baş verməzdi. Bundan başqa, irili-xırdalı onlarla digər faciələr də yaşandı ki, onlar haqqında vaxtaşırı Azərbaycan mətbuatında yazılır. Maraqlıdır ki, Azərbaycanın o vaxtkı siyasi rəhbərliyi 26 fevral gecəsi Xocalıda cəmi iki nəfərin həlak olması barədə məlumat vermişdi. Xalqın təhlükəsiz şəkildə şəhərdən çıxarılması və şəhərin müdafiəsi üçün Ayaz Mütəllibovun rəhbərliyi heç bir tədbir görmədi.
Xocalı faciəsi erməni işğalçılarının iç üzünü bir daha göstərdi və Azərbaycanın kimlə qarşı-qarşıya olduğunu nümayiş etdirdi. Bu məsələyə ilk reaksiya verən Azərbaycan xalqının böyük lideri Heydər Əliyev oldu. Onun təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Soveti Xocalı faciəsini pisləyən qərar qəbul etdi. Daha sonra, ümummilli lider hakimiyyətə gəldikdən sonra, 1994-cü ildə Milli Məclisdə bu məsələ müzakirə edildi. 1998-ci ildə Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən müsibətlərlə bağlı müvafiq fərman imzaladı.
Azərbaycanın Dağlıq Qarabağ problemi haqqında dünya ictimaiyyətinə çatdırdığı məlumatlar içərisində Xocalı faciəsi xüsusi yer tutur. Heydər Əliyev Fondunun birinci vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bütün dünyada “Xocalıya ədalət” kampaniyası aparıldı. 15-dən çox dövlət və ABŞ-ın 20-dən çox ştatı Xocalı faciəsini tanıdı.
Xocalı faciəsi bu gün dünya tarixində ən dəhşətli faciələrdən, soyqırımlardan biri kimi tanınır. 2020-ci ildə Vətən müharibəsində, 2023-cü ildə isə bir günlük antiterror əməliyyatı zamanı Xocalı sakinlərinin qisası erməni qatil və terrorçularından alındı. Artıq torpaqlarımız tamamilə Azərbaycanın suverenliyi altındadır. İşğaldan azad edilmiş ərazilərin, o cümlədən Xocalı şəhərinin böyük bir hissəsində quruculuq işləri aparılır. Xocalıya və onun kəndlərinə artıq çox sayda keçmiş sakinlər qayıdıb. Prezidentin bir neçə gün öncə Xocalı sakinləri ilə görüşü bir daha göstərdi ki, Azərbaycan dövləti öz suverenliyini qətiyyətlə qoruyur, vətəndaşlarının təhlükəsizliyini yüksək səviyyədə təmin edir və hər qarış torpağın bərpası, insanların orada təhlükəsiz və firavan yaşaması üçün maksimum fəaliyyət göstərir."- deyə bildirib.