ABŞ Prezidenti Donald Tramp, iyulun 9-na qədər bir çox ölkə ilə tariflərlə bağlı razılaşmaların əldə ediləcəyini açıqlayıb.
News365.az xəbər verir ki, Tramp, ABŞ-nin ticarət naziri Hovard Lutniklə hava limanında keçirdiyi görüşdən sonra jurnalistlərə bildirib ki, təxminən 12-15 ölkəyə məktublar göndəriləcək və ya razılaşmalar imzalanacaq.
O, "İyulun 9-na qədər əksər ölkələrlə razılaşma əldə edəcəyimizi düşünürəm. Bəli, bu ya məktub, ya da razılaşma olacaq" deyib.
Lutnik isə tariflərin avqustun 1-dən qüvvəyə minəcəyini, lakin tariflərin və razılaşmaların prezident tərəfindən müəyyənləşdirildiyini bildirib.
Tramp daha əvvəl 200-dən çox ölkə ilə müqavilə bağlamağın mümkün olmadığını vurğulayaraq, bu ölkələrə məktub göndəriləcəyini və ABŞ ilə iş görmək istəyənlərin ödəməli olduqları tarif dərəcələri barədə məlumatlandırılacağını qeyd edib. "Mən hamıya məktub göndərmək istərdim ki, 'Təbrik edirəm, siz 20, 25, 40, 50 faiz tarif ödəyirsiniz'" deyə Tramp əlavə edib.