Belarus istiqamətini itirərək Polşa ərazisinə yönəlmiş PUA-lar barədə qarşı tərəfə məlumat verib və bir neçəsini vurub.
News365.az xəbər verir ki, bu barədə Belarus Respublikasının Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini, general-mayor Pavel Muraveyko bildirib.
General qeyd edib ki, Belarusun Varşavanı məlumatlandırması sayəsində Polşa öz növbətçi qüvvələrini havaya qaldıraraq operativ reaksiya verə bilib.
“Belarus Respublikasının Hava Hücumundan Müdafiə Qüvvələri gecə Rusiya Federasiyası ilə Ukrayna arasında pilotsuz uçuş aparatlarının qarşılıqlı zərbələri zamanı tərəflərin elektron döyüş sistemlərinin təsiri nəticəsində istiqamətini itirmiş pilotsuz uçuş aparatlarını daim izləyib. İstiqamətini itirmiş pilotsuz uçuş aparatlarının bir hissəsi respublikamızın ərazisi üzərində ölkəmizin Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən məhv edilib.
Mövcud qarşılıqlı əlaqə kanalları vasitəsilə, sentyabrın 9-da saat 23:00-dan sentyabrın 10-u səhər saat 4:00-dək növbətçi qüvvələrimiz Polşa və Litva Respublikasının növbətçi qüvvələri ilə hava və radar vəziyyəti haqqında məlumat mübadiləsi aparıb. Onlara naməlum PUA-ların ölkələrinin ərazisinə yaxınlaşması barədə məlumat verilib. Bu, Polşa tərəfinin növbətçi qüvvələrini havaya qaldırmaqla, dronların hərəkətlərinə operativ reaksiya verməsinə imkan yaradıb.
Ədalət naminə qeyd edək ki, Ukrayna ərazisindən Belarus Respublikasının sərhədinə yaxınlaşan naməlum PUA-lar barədə Polşa tərəfi də Belarusun növbətçi döyüş ekipajlarını məlumatlandırıb.
Məlumat mübadiləsi bütövlükdə regionda təhlükəsizliyin təmin edilməsinin mühüm tərkib hissəsidir və etimad tədbirlərinin qurulmasına, təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verir.
Belarus Respublikası Polşa Respublikası və Baltikyanı ölkələrlə hava vəziyyəti haqqında məlumat mübadiləsi çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə davam edəcək”, - deyə Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vurğulayıb.