Azərbaycanda nazir müşaviri böyük məbləğdə cərimələndi

Azərbaycanda nazir müşaviri böyük məbləğdə cərimələndi
14:26

"İDDO Psixi Sağlamlıq Proqramı" İctimai Birliyinin rəhbəri Jalə Əhmədova barəsində inzibati protokol tərtib edilib.

News365.az "Teleqraf"a istinadla xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi (Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının fəaliyyətinə mane olma) üzrə rəsmiləşdirilib.

Qərara əsasən, Jalə Əhmədova 2 min manat məbləğində cərimə olunub.

Bildirilib ki, ictimai birlikdə çalışan əməkdaşlardan biri əmək hüquqlarının pozulması ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edib.

Xidmət məsələ ilə əlaqədar ictimai birliyə rəsmi məktub ünvanlayaraq, şikayətdə adıçəkilən vətəndaşa aid sənədlərin 7 iş günü ərzində təqdim olunmasını tələb edib.

Lakin göstərilən müddət ərzində həmin sənədlər xidmətə təqdim edilməyib.

Bu səbəbdən də Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə protokol tərtib edilib.

Qeyd edək ki, J.Əhmədova 2024-cü ildə əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri təyin edilib.


Sizin reklam burada
Sizin reklam burada