Azərbaycan Suriyaya humanitar yardım göndərib - YENİLƏNDİ

Azərbaycan Suriyaya humanitar yardım göndərib - YENİLƏNDİ
30 Dek 2024 15:48

Azərbaycan Respublikasının Prezidentinin müvafiq tapşırığına əsasən, Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək məqsədilə, 30 dekabr tarixində ölkəmiz tərəfindən müxtəlif qida və ərzaq məhsullarından ibarət humanitar yardım karvanı 10 ədəd yük avtomobili vasitəsilə Bakı şəhərindən yola salınıb.

News365.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

Ümumi çəkisi 200 tona yaxın olan humanitar yardımın Gürcüstan və Türkiyə əraziləri üzərindən daşınmaqla, Türkiyə-Suriya sərhədindəki “Çobanbey” keçid məntəqəsinə çatdırılması planlaşdırılır.

Sözügedən yardımın Suriya Ərəb Respublikasının İdlib şəhərində Türkiyənin Təbii Fəlakət və Fövqəladə Halların İdarə olunması Başqanlığının (AFAD) dəstəyi ilə ünvanı üzrə paylanması nəzərdə tutulur.

Yardım karvanının yola salınması mərasimində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndələri iştirak edib.

***

Azərbaycan Prezidentinin göstərişinə əsasən, Suriyada humanitar böhrandan əziyyət çəkən əhaliyə yardım məqsədilə müvafiq humanitar dəstək göndərilir.

News365.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, on yük avtomobilindən ibarət konvoyda ümumilikdə 200 tona yaxın ərzaq və qida məhsulları var:

"Konvoy Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Suriyaya və oradan da İdlib şəhərinə çatdırılacaq. Yardımın Türkiyənin Fövqəladə Halların İdarə edilməsi Agentliyi (AFAD) vasitəsilə Suriyada ehtiyacı olan əhaliyə ayrılması nəzərdə tutulub".

Yardım artıq yola salınıb.


Youtube kanalımız