Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Karyera 360” layihəsinə start verilib

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Karyera 360” layihəsinə start verilib
11 Noy 2025 22:40

Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi Rəqəmsal mövzulu qrant müsabiqəsinin qalibi  Səbinə Məmmədovanın “Karyera 360” layihəsi həyata keçirilib.

New365.az xəbər verir ki, layihə, rəqəmsal dövrün tələblərinə uyğun olaraq, gənclərin maraqlarına və inkişaf ehtiyaclarına cavab verən 5 video-podcastdan ibarətdir. Bu videolarda müasir və aktual istiqamətlər — İT sahəsi, xaricdə təhsil imkanları, şəxsi inkişaf, marketinq və karyera planlaması mövzuları peşəkar mütəxəssislərin iştirakı ilə müzakirə olunur. Hər bir bölüm gənclərin öz potensiallarını kəşf etmələrinə, müxtəlif sahələr barədə real məlumat və təcrübələr əldə etmələrinə kömək edir.

Layihə çərçivəsində tanınmış karyera mütəxəssisləri - Fərqanə Bayramlı, Ayxan İsmayılzadə, Orxan Şahbaz, Fərəh Babayeva və Fərid Məhərrəmli, real iş mühiti və əmək bazarının tələbləri barədə təcrübələrini bölüşüblər.

Layihə yalnız məlumatlandırmaqla kifayətlənmir, eyni zamanda gəncləri ilhamlandırır və onları rəqəmsal dövrdə öz yollarını tapmağa təşviq edir. “Karyera360” gənclərə həm lokal, həm də qlobal əmək bazarının tələblərini anlamaq, öz bacarıqlarını bu tələblərə uyğun inkişaf etdirmək, innovativ düşünmək və fərdi inkişaf planı qurmaq imkanı yaradır.

Nəticə etibarilə layihə, rəqəmsal düşüncə tərzini gücləndirən, gənclərin öz gələcəklərinə daha şüurlu yanaşmalarını təmin edən, maarifləndirici və motivasiyaedici bir platforma kimi çıxış edir. “Karyera360” həm rəqəmsal məzmun istehsalının keyfiyyətini artırır, həm də gənclər arasında bilik paylaşımının yeni və dinamik bir formasını formalaşdırır.




Sizin reklam burada
Sizin reklam burada