Azərbaycan İlham Əliyev kimi güclü liderə sahib olduğu üçün xoşbəxtdir

Azərbaycan İlham Əliyev kimi güclü liderə sahib olduğu üçün xoşbəxtdir
16:02

Dünya xalqlarının tarixinə nəzər saldıqda, hər bir xalqın taleyində lider faktorunun həlledici rol oynadığını açıq şəkildə görmək mümkündür. Bu gün dünyada lider çatışmazlığı, lider defisiti müşahidə olunur və bu amil bir çox hallarda siyasi xaosa, idarəçilik boşluğuna, ölkədaxili sabitliyin pozulmasına gətirib çıxarır.

Güclü liderin olmaması hüquqi anarxiyanın yaranmasına, sosial tarazlığın pozulmasına, iqtisadi böhran və geriləməyə, cəmiyyətdə inamsızlıq və parçalanmaya səbəb olur. Lider boşluğu eyni zamanda müharibələrin başlanması üçün də münbit zəmin yaradır. Güclü lideri olmayan ölkələr geosiyasi oyunların hədəfinə çevrilir, xarici müdaxilə risklərinə məruz qalır və başqa dövlətlərin təsir dairəsinə düşürlər.

Bu baxımdan Azərbaycan xalqı, Samir Vəliyevin sözlərinə görə, xoşbəxt xalqdır. Çünki onun Prezidenti Cənab İlham Əliyev kimi qətiyyətli və uzaqgörən Lideri var. News365.az-a açıqlamasında deputat bildirib:

“Liderə xas olan bütün əsas keyfiyyətlər – praqmatik düşüncə, təmkin, bəsirət, prosesləri düzgün dəyərləndirmək və idarə etmək bacarığı Cənab Prezident İlham Əliyevdə cəmləşib. Təsadüfi deyil ki, bir çox Avropa liderləri dəfələrlə Onun kimi olmaq istədiklərini dilə gətiriblər. Bu, Onun liderlik xarizmasından irəli gəlir”.

Deputat qeyd edib ki, Prezidentin lider obrazının formalaşmasında ailə və siyasi məktəb faktoru da mühüm rol oynayıb:

“Cənab Prezident Ulu Öndər Heydər Əliyevin siyasi məktəbindən bəhrələnib. Eyni zamanda Zərifə xanım Əliyeva kimi nəcib bir insanın ailəsində böyüməsi Onun Vətənə, torpağa, xalqa olan sevgisinin formalaşmasına güclü təsir göstərib. Xalqımız ənənəçi xalqdır və ata vəsiyyətini yerinə yetirmək bizdə müqəddəs sayılır. Cənab Prezident də ata vəsiyyətini şərəf və ləyaqətlə yerinə yetirdi – Şuşanı işğaldan azad etdi, ölkəmizin ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini bərpa etdi”.

Samir Vəliyev vurğulayıb ki, Şuşanın azad edilməsi və ölkə ərazilərində suverenliyin tam bərpası Azərbaycanın son əsrlərdə əldə etdiyi ən böyük tarixi qələbələrdəndir.

Deputatın sözlərinə görə, Azərbaycan xalqı harada yaşamasından asılı olmayaraq, öz Lideri ilə qürur duyur və ölkənin gələcək inkişafına böyük inam bəsləyir.

Sonda Samir Vəliyev Prezident İlham Əliyevi təbrik edib:

“Biz də fəxr etdiyimiz Prezidentimiz Cənab İlham Əliyevi ürəkdən təbrik edir, xalqımızın və dövlətimizin parlaq gələcəyi naminə Onun fəaliyyətinə davamlı uğurlar arzulayırıq”.


Sizin reklam burada
Sizin reklam burada