Azərbaycan Dəmir Yolları QSC-dən şikayətlər tükənmir. Tez-tez xidmətin əlçatan olmamasından şikayətlər eşidirk. Bu dəfə isə şikayətin məzmunu fərqlidir. Paytaxt sakini Rahib Səfərov ADY-nin ona ödəməli olduğu kompensasiyanı ala bilməməsindən bilməməsindən şikayətlənir. Hətta hər yerdən əli üzüldüyü üçün vətəndaş sosial şəbəkə üzərindən ölkə başçısına müraciət ünvanlayıb.
News365.az həmin müraciəti olduğu kimi təqdim edir:
“Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident!
Mən, Səfərov Rahib Xanbaba oğlu, Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsi, Aşıq Qərib küçəsində yerləşən və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin ərazisində olan yaşayış evinin sakini olmuşam.
Məlumat üçün bildirmək istəyirəm ki, qeyd olunan ərazidə aparılan söküntü işləri nəticəsində ailəmizə məxsus yaşayış evi sökülmüşdür. Söküntü işlərindən artıq altı ay keçməsinə baxmayaraq, “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş kompensasiya bu günədək bizə ödənilməmişdir. Dəfələrlə aidiyyəti qurumlara müraciət etməyimizə baxmayaraq, məsələ hələ də öz həllini tapmamış, ailəm ciddi maddi və sosial çətinliklərlə üz-üzə qalmışdır.
Hörmətli cənab Prezident, Siz dəfələrlə bəyan etmisiniz ki, “mən hər bir azərbaycanlının prezidentiyəm”. Azərbaycan Respublikasının vətəndaşı olaraq, bu sözlərinizə və dövlətimizin ədalət, sosial rifah prinsiplərinə güvənərək Sizə müraciət edirəm. Uzun müddətdir yaşayış yerindən məhrum olan ailəm üçün kompensasiyanın gecikdirilməsi normal həyat şəraitimizin bərpasına ciddi maneə yaradır.
Eyni zamanda qeyd etmək istərdim ki, ölkəmizin son illər bütün sahələrdə qazandığı mühüm nailiyyətlər, xüsusilə də uzun illər işğal altında olmuş torpaqlarımızın azad edilməsi Sizin qətiyyətli liderliyinizin, uzaqgörən daxili və xarici siyasətinizin bariz nəticəsidir. Qlobal miqyasda mürəkkəb proseslərin baş verdiyi bir dövrdə ölkəmizin sabitliyinin və davamlı inkişafının təmin olunması istiqamətində həyata keçirdiyiniz fəaliyyət yüksək qiymətə layiqdir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, müraciətimin obyektiv şəkildə araşdırılması və “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən ailəmizə düşən kompensasiyanın qanunvericiliyə uyğun olaraq qısa müddətdə ödənilməsi üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilməsini Sizdən xahiş edirəm.
Əminəm ki, Sizin diqqət və qayğınız sayəsində bu problem də öz ədalətli həllini tapacaqdır.
Əvvəlcədən diqqətinizə və göstərəcəyiniz köməyə görə Sizə dərin minnətdarlığımı bildirirəm”.
News365.az