“Avropa anlayır ki, bir gün Rusiya ilə üz-üzə qala bilər”.
Politoloq Xəyal Bəşirov News365.az-a açıqlamasında bildirib ki, hazırkı mərhələdə Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən, Rusiyanın NATO ölkələrindən birinə hücum ehtimalı real görünmür. Lakin bu ehtimal gələcəkdə Avropa üçün ciddi təhlükələr yarada bilər.
Onun sözlərinə görə, məhz bu səbəbdən Avropa dövlətləri və NATO ölkələri arasında silahlanma prosesinin geniş vüsət alması məntiqli və zəruri addım kimi qiymətləndirilməlidir:
“Donald Trampın hakimiyyətə gəlməsindən sonra, həm onun özü, həm də komandası – o cümlədən vitse-prezident və müdafiə naziri – Avropa ilə münasibətlərdə ciddi fikir ayrılıqları yaşadı. Bu ziddiyyətlərin əsas səbəblərindən biri də ABŞ-ın artıq Avropanın təhlükəsizliyinə cavabdehlik daşımaq istəməməsidir.”
Xəyal Bəşirov qeyd edib ki, İkinci Dünya müharibəsindən sonra ABŞ Avropanın təhlükəsizliyini və iqtisadi inkişafını Marshall Planı və digər proqramlarla təmin edib. Lakin bu proses ABŞ üçün böyük maliyyə yükünə çevrilib:
“Amerikalılar Avropaya açıq şəkildə bildirdilər ki, bu günə qədər sizin təhlükəsizliyinizi biz təmin etmişik, lakin bu, bizə 36–37 trilyon dollarlıq borc hesabına başa gəlib. Bu səbəbdən ABŞ bundan sonra Avropanın təhlükəsizliyinə zəmanət vermək öhdəliyini daşımayacaq.”
Sonda politoloq bildirib ki, artıq Avropa ölkələri bu reallığı qəbul edərək öz təhlükəsizliklərini təmin etmək üçün müstəqil addımlar atmağa başlayıblar:
“Avropa anlayır ki, günlərin birində Rusiya ilə birbaşa qarşıdurma qaçılmaz ola bilər."