Aşağı əməkhaqqı üzrə gəlir vergisinin ləğvi gündəmdə

Aşağı əməkhaqqı üzrə gəlir vergisinin ləğvi gündəmdə
15:11

"Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında təqdim etdiyim təkliflərdən biri də minimum əməkhaqqının gəlir vergisindən azad edilməsi ilə bağlı idi. Vergi Məcəlləsinə təklif edilən yeni dəyişikliklərə əsasən, yeni ildən özəl sektorda 2 500 manatadək əməkhaqqı 3% gəlir vergisinə cəlb ediləcək".

News365.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

"Dövlət və neft-qaz sektorunda olduğu kimi, özəl sektorda da vergidən azad olunan məbləğ 200 manat nəzərdə tutulub.

Əksər dövlətlərdə minimum əməkhaqqının gəlir vergisindən azad olunduğunu nəzərə alaraq, oxşar praktikanın Azərbaycanda da tətbiqi məqsədəuyğundur. Həm dövlət, həm də özəl sektorda minimum əməkhaqqı alan vətəndaşlarımızın maaşlarının vergidən azad olunması sosial təminat baxımından da arzuolunandır. Bu zaman hər iki sektorda vergidən azad olunan məbləğ 400 manat müəyyənləşə bilər. Həmin vətəndaşlarımızın maaşları yüksək olmadığı üçün əməkhaqqılarının vergiyə cəlb olunması arzuolunan deyil. Bu baxımdan, həm dövlət, həm də özəl sektorda minimum əməkhaqqı alan vətəndaşlarımızın maaşlarının vergidən azad olunmasını təklif edirik".

Deputat bildirib ki, həm dövlət, həm də özəl sektorda vergidən azad olunan məbləğin minimum əməkhaqqı ilə əlaqələndirilməsi nisbətən az maaş alan vətəndaşlarımızın da gəlirlərini artıra bilər:

"Belə ki, bu halda gəlir vergisi hesablanan zaman vergidən azad olunan məbləğ 200 manat deyil, 400 manat ola bilər ki, bu da birbaşa maaşların artımına gətirib çıxarar. Bu o deməkdir ki, bu halda 2 500 manatadək əməkhaqqı alan vətəndaşlarımızın maaşlarında artım qeydə alına bilər".


Sizin reklam burada
Sizin reklam burada