Amerikanın Azərbaycandakı səfirliyi Xocalı soyqırımı ilə bağlı paylaşım edib.
News365.az həmin paylaşımı təqdim edir:
"Bu gün biz 1992-ci ildə Xocalıda həlak olanların xatirəsini dərin ehtiramla yad edən Azərbaycan xalqına qoşuluruq. ABŞ Səfirliyi adından həlak olanların ailələrinə və yaxınlarına ən səmimi və dərin hüznlə başsağlığı veririk. Qurbanların xatirəsini anarkən insan ləyaqətinin qorunmasının, mərhəmətin və gələcək nəsillər naminə davamlı sülhün qurulmasının vacibliyini bir daha xatırlayırıq".
Xatırladaq ki, bu gün Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı soyqırımının törədilməsindən 34 il ötür.
Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı aparılmış işğal və soyqırımı siyasətinin ən qanlı faciələrindəndir.
1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri 1991-ci ilin oktyabr ayından mühasirədə saxlanmış, avtomobil və enerji əlaqəsi kəsilmiş Xocalıya hücum edərəkazərbaycanlı dinc sakinlərə qarşı kütləvi vəhşiliklər törədib.
Keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməkliyi ilə erməni dəstələri tərəfindən həyata keçirilmiş qırğın zamanı Xocalıda 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 yaşlı xüsusi amansızlıqla qətlə yetirilib. 487 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, 1275 nəfər əsir götürülüb və girovluqda işgəncələrə məruz qalıb. 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirib. Bir çox girovun taleyi hələ də məlum deyil.
Bu qırğınlar yalnız hərbi əməliyyat deyil, etnik nifrət və ayrı-seçkilik siyasətinin parçası olub. Ermənistanın Azərbaycanın Bağanis Ayrım, Cəmilli, Kərkicahan, Meşəli, Malıbəyli, Qaradağlı, Tuğ, Səlakətin və s. kimi digər yaşayış məntəqələrində də azərbaycanlılara qarşı məqsədyönlü qırğınlar həyata keçirməsi Xocalı soyqırımının sistemli və planlı xarakterini açıq şəkildə nümayiş etdirir.