“Əslində, Alyaska görüşündən sonra Rusiya ilə Ukrayna arasında sülhə doğru addım atılacağına inananlar yanıldılar. Çünki orada aparılan danışıqlar və verilən bəyanatlar ateşkəssiz sülh danışıqlarına getmək prinsipini ortaya qoyurdu. Ateşkəs olmadan sülhdən danışmaq isə mümkünsüzdür. Bu proses daha çox Rusiyanın vaxt qazanması və ABŞ prezidentinin mövqeyindən istifadə etməklə əlavə üstünlüklər əldə etməsi üçün bir fürsət idi. Əvvəldən də qeyd edilirdi ki, bu görüşdən ciddi nəticə gözlənilmir.
ABŞ tərəfi də bunu proqnozlaşdırmışdı”, – politoloq Elşən Mustafayev News365.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, görüşdən sonra Rusiya mediasının təbliğatı açıq şəkildə Moskvanın sülh danışıqlarına getmək istəmədiyini göstərdi:
“Alyaska görüşündən sonrakı gün Rusiya mediasında yayımlanan təbliğat Kremlin rəsmi göstərişlərinə əsaslanırdı. Bütün talk-şou və proqramlarda açıq şəkildə bildirildi ki, Rusiya danışıqlarda maraqlı deyil. Çünki Moskva qarşı tərəfdən ciddi təzyiq və müqavimət görmədikcə, niyə də daha irəli getməsin?”
Politoloq əlavə edib ki, ABŞ-da da görüşün səhəri günü açıq şəkildə bildirildi: əslində, ciddi nəticə əldə olunmayıb və tərəflər arasında sülh hələ də real görünmür.