Almaniyanın 6 əyalətində antiterror əməliyyatları keçirildi

Almaniyanın 6 əyalətində antiterror əməliyyatları keçirildi
26 Mar 2025 18:59

Almaniyanın altı əyalətində genişmiqyaslı antiterror əməliyyatları keçirilib.


News365.az “Bild” nəşrinə istinadən xəbər verir ki, əməliyyatlar çərçivəsində Hessen, Şimali Reyn-Vestfaliya, Bavariya, Baden-Vürttemberq, Meklenburq-Ön Pomeraniya və Reynland-Pfalts əyalətlərində ümumilikdə 19 obyektdə axtarış aparılıb.


Federal Kriminal Polis İdarəsinin (BKA) və yerli polis qüvvələrinin 200-dən çox əməkdaşının cəlb olunduğu əməliyyatların məqsədi “Brigade N‘Hamedu” adlı terrorçu təşkilatın təsisçiləri və üzvləri olduqları ehtimal edilən 17 şübhəlinin saxlanılmasıdır. Bu qrup Eritreyada hökuməti devirmək istəyən beynəlxalq şəbəkələşmiş təşkilat kimi tanınır.


Bu terrorçu qrupun Almaniyadakı qanadının azı üç ildir fəaliyyət göstərdiyi və Eritreya icmasının keçirdiyi tədbirlərdə dəfələrlə zorakılığa əl atdığı bildirilib. Almaniya Baş Prokurorluğu yerli polisə hücumların da onlar tərəfindən qanuni vasitə kimi qəbul edildiyini açıqlayıb.


“Brigade N‘Hamedu” təşkilatının 2022-ci və 2023-cü illərdə Qiesendə, həmçinin 2023-cü ildə Ştutqartda keçirilən Eritreya festivallarında baş verən və xeyli sayda polis əməkdaşının xəsarət alması ilə nəticələnən toqquşmalara görə məsuliyyət daşıdığı bildirilib.


Sizin reklam burada
Sizin reklam burada