Kiyev 18-22 yaşlı kişilərin xaricə getməsinə qoyduğu məhdudiyyətləri ləğv etdikdən sonra Almaniya və Polşaya gedən ukraynalı gənclərin sayı əhəmiyyətli dərəcədə artıb.
News365.az “Politico”ya istinadən xəbər verir ki, Almaniya siyasətçiləri bu vəziyyəti tənqid edir. Kansler Fridrix Mertsin partiyasının üzvləri bildirib ki, ölkə ukraynalı qaçqınları qəbul etməyə davam etsə də, gənc kişi miqrantların hərbi xidmətdən yayınması ictimai dəstəyin azalmasına səbəb ola bilər.
Bundestaq deputatı Yurgen Hardt isə vurğulayıb ki, Almaniya ukraynalı gənclərin öz ölkələrini müdafiə etmədən Almaniyada qalmasını dəstəkləmir:
"Ukrayna öz qanunlarını qəbul edir, lakin bu dəyişikliklər miqrasiya axınına səbəb olub və biz buna cavab verməliyik".
Polşa Sərhəd Xidmətinin məlumatına görə, 2025-ci ilin əvvəllərindən avqustun sonuna qədər səyahət məhdudiyyətləri yumşaldıqdan sonra 18-22 yaşlı təxminən 45 300 ukraynalı kişi Polşa sərhədini keçib. Sonrakı iki ayda bu rəqəm 98 500-ə, yəni gündə təxminən 1 600-ə çatıb.
Polşanın ifrat sağçı Konfederasiya partiyası bildirib ki, ölkə minlərlə fərarini qəbul etməyə davam edə bilməz və bunun xərcləri Polşa vergi ödəyicilərinə yüklənir.
Qeyd edək ki, avqustun sonunda Ukrayna Nazirlər Kabineti 18-22 yaşlı kişilərin xaricə çıxmasına icazə verib. Əvvəllər hərbi vəziyyət dövründə 18-60 yaş arası kişilərin ölkədən çıxışı qadağan olunmuşdu.
News365.az