Son günlər sənət aləmində maraqlı bir xəbər yayılıb. Xalq artisti Afaq Bəşirqızı bildirib ki, yaxın zamanda həmkarı Fatma Mahmudova ilə birlikdə səhnəyə çıxacaqlar. Bu açıqlama aktrisa Fatma Mahmudovanın sənətə dönüşü barədə suallar yaradıb.
Fatma Mahmudova səhnədən tamamilə getmədiyini bildirib:
“Mən hələ ölməmişəm, yaşayıram və səhnədən də getməmişəm. Sadəcə səhhətimdə problemlər var. Ən böyük arzum Afaq Bəşirqızının səhnəyə qayıtmasıdır. O qayıtsa, biz birlikdə işləyəcəyik. Hazırda sağlamlığım tam qaydasında deyil, vəziyyətim ağırdır. Amma ruhən səhnəyə qayıtmağa hazıram”.
Fatma Mahmudova Afaq Bəşirqızı ilə ilk olaraq hansı tamaşada səhnəyə çıxacağı ilə bağlı da danışdı:
“Afaq xanımla hər ikimizin çox sevdiyi tamaşa var – “Bankir adaxlı”. Əgər ömür vəfa etsə, o tamaşada birlikdə oynayacağıq. Afaq Bəşirqızı səhnənin kraliçasıdır. Onun geri dönüşü məni də ruhlandıracaq. Bu gün onu səhnədə yamsılayırlar, amma heç kim Afaq Bəşirqızı ola bilməz. O, əvəzedilməz sənətkardır”.
Sənətçi səhnədə güclü tərəf müqabili ilə çıxış etməyin vacibliyinə də toxundu:
“Mənim tərəf müqabilim güclü olmalıdır. O da yalnız Afaq Bəşirqızıdır. O da eyni ilə qarşısındakı aktyorun güclü olmasını istəyir. Mən də geri dönəcəyəm”.
Sonda əməkdar artist səhhətindəki çətinliklərə toxunaraq diqqətsizlikdən gileyləndi:
“Yıxılmışam, ağır vəziyyətdəyəm. Maraqlanan yoxdur. Bu, çox çətin bir durumdur”.
Fatma Mahmudova söhbətinin sonunda göz yaşlarını saxlaya bilməyib bir daha Afaq Bəşirqızına olan sevgisini və səhnəyə bağlılığını vurğuladı:
“Afaq olmasa, mən də yoxam. Onsuz səhnə boşdur”.