ABŞ–Çin rəqabəti yeni mərhələdə: “Bu artıq qaçılmazdır”

ABŞ–Çin rəqabəti yeni mərhələdə: “Bu artıq qaçılmazdır”
12:35

Dünyada geosiyasi güc balansının dəyişməsi və ABŞ–Çin münasibətlərində artan rəqabət beynəlxalq siyasətin əsas müzakirə mövzularından biri olaraq qalır. Ekspertlər hesab edir ki, hazırda dünya tədricən yeni ikiqütblü sistemə doğru irəliləyir və bu prosesdə Çin əsas güc mərkəzlərindən birinə çevrilib.

Mövzu ilə bağlı News365.az-a danışan siyasi şərhçi bildirib ki, ABŞ və Çin arasında rəqabətin artması təbii prosesdir və bu, yeni dünya düzəninin formalaşması ilə bağlıdır.

Onun sözlərinə görə, dünya artıq SSRİ–ABŞ dövründə olduğu kimi yenidən iki əsas güc mərkəzi ətrafında formalaşmağa başlayır. Lakin hazırkı vəziyyət əvvəlki soyuq müharibə modelindən müəyyən qədər fərqlənir.

Ekspert qeyd edib ki, SSRİ-nin dağılmasından sonra Rusiya əvvəlki gücünü itirib və artıq əsas qlobal rəqib rolunda Çin çıxış edir.

“Çinlə ABŞ arasında rəqabətin olması normaldır. Amma bu münasibətlər SSRİ ilə ABŞ arasındakı düşmənçilik səviyyəsində deyil. Rəqabətlə yanaşı, münasibətlər və əməkdaşlıq da davam edir”.

Siyasi şərhçi vurğulayıb ki, Çinin iqtisadi və texnoloji yüksəlişi əsasən son 20–25 ildə sürətlənib. Onun fikrincə, əvvəllər Çin yalnız böyük əhaliyə malik dövlət kimi tanınırdısa, hazırda iqtisadi və texnoloji gücə çevrilərək ABŞ üçün ciddi rəqibə çevrilib.

Ekspert hesab edir ki, Pekinin sürətli inkişaf modeli Vaşinqtonda ciddi narahatlıq yaradıb. Bununla belə, ABŞ-da artıq birqütblü dünya modelinin davamlı olmayacağını qəbul edən siyasi dairələrin formalaşdığı da qeyd olunub.

Onun sözlərinə görə, qlobal balansın qorunması üçün iqtisadi və hərbi güclər arasında rəqabətin olması qaçılmazdır.

Siyasi şərhçi əlavə edib ki, ABŞ Prezidenti Donald Trumpın böyük dövlətlərlə bağlı sərgilədiyi siyasət tam şəkildə Amerikanın gələcək strateji xəttini ifadə etmir.

Ekspert vurğulayıb ki, Trampın yanaşmaları daha çox onun şəxsi siyasi qərarları və idarəetmə üslubu ilə bağlıdır.


Sizin reklam burada
Sizin reklam burada