ABŞ–Çin münasibətlərində artan rəqabət və Pekinin qlobal güc mərkəzi kimi yüksəlişi beynəlxalq siyasətin əsas gündəm mövzularından biri olaraq qalır. Xüsusilə ABŞ Prezidenti Donald Trumpın Çinə yanaşması və Vaşinqtonun Asiya siyasəti bu kontekstdə geniş müzakirə edilir.
Milli Məclisin deputatı Cavanşir Feyziyev News365.az-a açıqlamasında bildirib ki, ABŞ və Çin arasındakı rəqabət artıq dünyanın diqqət mərkəzindədir və Çinin ikinci güc mərkəzi kimi qəbul edilməsi getdikcə daha açıq xarakter alır.
Deputatın sözlərinə görə, istər hərbi, istərsə də iqtisadi baxımdan Çin artıq qlobal güc kimi formalaşıb və bu reallıq bütün dünya liderləri tərəfindən qəbul edilir.

O qeyd edib ki, Donald Tramp birinci prezidentlik dövründə Çini ABŞ-ın əsas rəqibi, hətta “strateji təhlükə” kimi qiymətləndirsə də, sonradan administrasiya daxilində bu yanaşma müəyyən qədər yumşaldılıb.
Cavanşir Feyziyev bildirib ki, SSRİ-nin süqutundan sonra dünya birqütblü modelə keçsə də, Çin iqtisadi və hərbi yüksəlişi ilə yeni güc mərkəzinə çevrilib və bu proses ABŞ üçün narahatlıq doğurur.
Onun sözlərinə görə, Vaşinqton Çinin həddindən artıq güclənməsini istəmir və buna görə də müxtəlif iqtisadi və ticarət məhdudiyyətləri, o cümlədən tarif siyasəti tətbiq edir.
Deputat vurğulayıb ki, ABŞ-ın əsas narahatlıqlarından biri də Tayvan məsələsidir. Onun fikrincə, Vaşinqton regionda mövcud siyasi balansın dəyişməsini və Tayvanın tam şəkildə Çinin nəzarətinə keçməsini qəbul etmək istəmir.
O əlavə edib ki, ABŞ-ın Çinlə bağlı insan haqları və siyasi sistemlə bağlı iradları da Vaşinqton–Pekin münasibətlərində gərginlik yaradan amillərdən biridir.
C.Feyziyevin sözlərinə görə, Rusiya–Ukrayna müharibəsi fonunda ABŞ-ın diqqəti daha çox Çinə yönəlib və bu da qlobal rəqabəti daha da gücləndirib.
Deputat qeyd edib ki, Donald Tramp dövründə Avropa İttifaqının ayrıca güc mərkəzi kimi təsiri zəifləyib və beynəlxalq siyasət əsasən ABŞ–Çin rəqabəti üzərində formalaşmağa başlayıb.