Danimarka ilə danışıqlara baxmayaraq, ABŞ Qrenlandiyaya "tamamilə qəbuledilməz" təzyiq göstərir.
Bunu Danimarkanın Baş naziri Mette Frederiksen Münhen Təhlükəsizlik Konfransında deyib.
Onun sözlərinə görə, təzyiqlət xüsusilə suverenlik və ərazi bütövlüyü məsələlərinə aiddir.
Baş nazir bildirib ki, ABŞ prezidenti Donald Tramp hələ də Arktika adasını əldə etməkdə maraqlıdır. Frederiksen Trampın Qrenlandiyanı əldə etmək ideyası ilə bağlı suala cavab olaraq qeyd edib ki, bu, tez-tez ABŞ-la danışıqlarda müzakirə olunur, lakin Qrenlandiyaya təzyiq "tamamilə qəbuledilməzdir":
"Biz təhdidlərdən danışırıq, amma sizin, Yens-Frederikin (Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen - red.) tez-tez dediyiniz kimi, Qrenlandiya xalqı əvvəllər heç vaxt heç kimdən təhdidlərlə üzləşməyib, ona görə də bu cür təzyiq qəbuledilməzdir".
Frederiksen vurğulayıb ki, Danimarka ABŞ ilə əməkdaşlığa hazırdır, lakin "əlbəttə ki, güzəştə gedilə bilməyən şeylər var", o cümlədən başqa bir dövlətin suverenliyinə və ərazi bütövlüyünə hörmət.
O, Danimarkanın bu məsələdə güzəştə getməyəcəyini, lakin müzakirə edilə biləcək digər məqamların, xüsusən də ABŞ ilə 1951-ci il müdafiə müqaviləsinin yenidən baxılmasının olduğunu deyib. Onun sözlərinə görə, bu müqavilə Vaşinqtonun "Qrenlandiyada daha güclü təsirə malik olması üçün çox sadə" bir yol təqdim edir: "Düşünmürük ki, bu, sondur. İndi işçi qrupumuz var, həll yolu tapmağa çalışacağıq və... mümkün olan hər şeyi edəcəyik, amma təbii ki, keçilməyəcək qırmızı xətlər var".