Azərbaycan tarixində baş vermiş faciələr və xalqımıza qarşı törədilmiş soyqırımlar milli yaddaşın ən ağrılı səhifələrindəndir. Bu hadisələri xatırlamaq və analiz etmək, yalnız keçmişi unutmamaq üçün deyil, eyni zamanda gələcəkdə oxşar faciələrin təkrarlanmaması üçün də vacibdir.
Milli Məclisin deputatı Hikmət Babaoğlu News365.az-a açıqlamasında bildirib ki, 1988-ci il martın 15-dən başlayaraq erməni daşnakları və rus bolşevikləri tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən vətəndaşlıq soyqırımı tariximizin unudulmamalı bir səhifəsidir.

Hikmət Babaoğlu qeyd edib ki, milli yaddaşın əsas komponenti tarixi yaddaşdır və keçmişi bilmədən gələcəyimizi düzgün formalaşdıra bilmərik. Bu səbəbdən 1998-ci il martın 26-da Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Deputat vurğulayıb ki, bu gün yalnız xatırlanma məqsədi daşımır, həm də milli özünəhesabatdır: “Nəyə görə biz bu soyqırımı yaşadıq? Kimlər bunu bizə yaşatdı? Nəyə görə özümüzü müdafiə edə bilmədik? Sonra necə davranmalıyıq ki, bir daha belə hadisələr baş verməsin?”
O bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da 1990-cı illərdə xalqımıza qarşı soyqırımlar davam edib. Xocalı, Ağdərə və Daşaltı soyqırımları bunun bariz nümunələridir. Babaoğlu qeyd edib ki, 2020-ci ildə əldə olunan tarixi zəfər ilə bu davamlı təcavüz dayandırılıb və xalqımıza qarşı törədilən cinayətlərdə məsuliyyət daşıyanların bir növ cəzası verilib.
Deputat əlavə edib ki, 1988-ci ildə baş verən hadisələr bir anda baş verməyib və tarixi baxımdan Çar Rusiyası, Sovet Rusiyası və erməni daşnakları tərəfindən xüsusi planlaşdırılmış, mərhələli və sistemli cinayətlər zəncirinin bir hissəsidir. Onun sözlərinə görə, motivlər, təxribat üsulları və cinayətin xarakteri tarix boyu eynilik göstərib və xalqın doğru tarixi biliklərlə tanış olması vacibdir.
Babaoğlu bildirib ki, 1918-ci ildə baş verən hadisələr və 1917-ci il inqilabı fonunda Bakı sözün əsl mənasında işğal altında olub və bu, Azərbaycan tarixində silinməz izlər buraxıb.