ABŞ-İran münasibətləri yenidən gərgin fazaya qədəm qoyub. Vaşinqtonun Tehranla bağlı mövqeyi dəyişməz olaraq qalır – ABŞ yalnız İranın nüvə proqramını tam şəkildə dayandırması halında danışıqlara razı ola bilər.
Bu barədə Milli Məclisin deputatı Rasim Musabəyov News365.az-a verdiyi açıqlamada bildirib.
Deputatın sözlərinə görə, ABŞ administrasiyası İranla danışıqlara yalnız bir şərtlə gedə bilərdi: İran nüvə proqramını tamamilə dayandırmalı və uranın zənginləşdirilməsi fəaliyyətindən imtina etməli idi. Əvəzində isə iqtisadi sanksiyaların müəyyən dərəcədə yumşaldılması təklif olunurdu:
“Əgər İranın nüvə proqramı qarmaqarışıq vəziyyətə düşmüş olsaydı və Tehran bu prosesi tam dayandırmağa razılaşsaydı, ABŞ da sanksiyaların yüngülləşdirilməsi istiqamətində müəyyən güzəştlərə gedə bilərdi. Amma bu günə qədər belə bir nəticə əldə olunmayıb,” – deyə Rasim Musabəyov qeyd edib.
Deputat əlavə edib ki, İranın hazırda təxminən 400 kiloqram zənginləşdirilmiş urana malik olduğu bildirilir və bu uran 60%-ə qədər zənginləşdirilib. Bu isə Qərbdə ciddi narahatlıq doğurur. Onun fikrincə, İran bu uranı təhvil vermək müqabilində müəyyən iqtisadi güzəştlər əldə etməyə ümid edir.
Müzakirələrin əsas mahiyyəti həm də hərbi əməliyyatların dayandırılması üzərində qurula bilər. Belə ki, ABŞ tərəfindən İrana qarşı zərbələrin dayandırılması müqabilində, İranın da İsrailə qarşı raket hücumlarını sonlandırması müzakirə mövzusu ola bilər.
Rasim Musabəyov bildirib ki, regionda hərbi eskalasiyanın qarşısının alınması üçün qarşılıqlı atəşlərin dayandırılması və diplomatik yollarla razılaşmaların əldə olunması vacibdir