ABŞ-ın İranla bağlı proseslərə birbaşa qoşulması mövzusu beynəlxalq gündəmin əsas müzakirə mövzularından biri olaraq qalır.
Məsələ ilə bağlı hərbi ekspert Şair Ramaldanov News365.az-a açıqlamasında bildirib ki, ABŞ danışıqlar masasında aktiv olsa da, bəzi hallarda prosesləri dolayı yolla – xüsusilə də İsrail vasitəsilə yönləndirməyə çalışır.
Ekspertin sözlərinə görə, əvvəllər planlaşdırılan altıncı raund danışıqların taleyi ABŞ-ın əvvəlki raundlarda mövqeyindəki dəyişikliklərdən sonra sual altına düşüb:
“Əgər beş raund danışıqlar keçibsə və altıncı raund nəzərdə tutulurdusa, deməli, hansısa məqamda ABŞ-ın razılığı pozulub. Bu isə o deməkdir ki, Vaşinqton prosesləri birbaşa deyil, İsrail üzərindən idarə etmək niyyətindədir,” – deyə Ramaldanov qeyd edib.
Ekspert bildirib ki, ABŞ bu yolla İsrailin təhlükəsizliyinə olan təhdidləri – xüsusilə də İranın nüvə proqramı ilə bağlı narahatlıqları – prioritet kimi qəbul edir və bu mövqedən çıxış edərək bölgədəki siyasətini formalaşdırır:
“İsrailin təhlükəsizliyi ABŞ üçün mühüm strateji məsələdir. İranın nüvə proqramı isə bu təhlükəsizlik üçün ən ciddi təhdid hesab olunur. ABŞ bu faktordan istifadə edərək proseslərə birbaşa qoşulmadan, İsrail vasitəsilə istədiyi nəticələri əldə etməyə çalışır,” – deyə Ramaldanov bildirib.
O əlavə edib ki, ABŞ-ın İsrailə dəstəyi olmasa, bu ölkə bölgədə bu qədər güclü və təsirli mövqe tuta bilməzdi. Bu baxımdan, İsrailin atdığı bir çox addımın arxasında ABŞ-ın siyasi və hərbi dəstəyi dayanır.
Şair Ramaldanovun fikrincə, bölgədəki gərginliyin taleyi məhz bu üçtərəfli münasibətlər zəncirində – ABŞ, İsrail və İran arasında formalaşacaq yeni balansdan asılı olacaq.