ABŞ-İran savaşı: 80-dən çox hədəf vurulub

ABŞ-İran savaşı: 80-dən çox hədəf vurulub
15:10
ABŞ ilə İran arasında bir aya yaxın davam edən sakitlik yenidən pozulub.

İyulun 6-da İran tərəfi mayeləşdirilmiş təbii qaz daşıyan 3 tankeri Hörmüz boğazından keçərkən vurub.

Buna cavab olaraq ABŞ hərbçiləri İranın 80-dən çox hədəfi vurub.

News365.az-ın xəbərinə görə, bu barədə ABŞ ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Məlumata görə, ABŞ-nin İrana yeni zərbələrinin miqyası əvvəlkilərdən daha böyük olub. Həmin zərbələr Hərbi Hava Qüvvələrinin təyyarələri və Hərbi Dəniz Qüvvələrinin taktiki aviasiya briqadası tərəfindən həyata keçirilib.

Politoloq Zaur Məmmədov Bakupost.az-a bildirib ki, hər iki tərəfdə vəziyyətin gərginləşməsini istəyən qüvvələr var:

“Eyni zamanda, bəzi dövlətlər də İranla ABŞ arasında razılaşma əldə olunmasında maraqlı deyillər. Çünki onlar arasında imzalanan saziş qlobal dünyaya, dünyanın enerji siyasətinə, maliyyə məsələlərinə təsir edəcək bir addım olacaq. Vaşinqtonun müttəfiqi İsraillə İran arasında Yaxın Şərqin gələcəyi məsələsində kəskin fərqlər mövcuddur. Belə olan halda, danışıqların hər an pozulmasını da gözləmək olar”.

Bununla belə, ekspert indiki halda gecə baş verən toqquşmaların tərəflər arasında ciddi eskalasiyaya səbəb olacağını düşünmür: “Danışıqlar davam edəcək. Lakin danışıqlarda əsas nəticə İranın nüvə silahı məsələsində geri çəkilməsi ola bilər. Ona görə də danışıqlarda müsbət nəticənin olacağını indidən söyləmək tezdir. Çünki əldə olunan razılıqların icrası vaxt aparacaq. Digər tərəfdən, ABŞ-dəki aralıq seçkiləri nəzərə alsaq, vaxtın daha da uzadılacağına şahidlik edəcəyik”.

Sizin reklam burada
Sizin reklam burada