ABŞ-İran anlaşması Zəngəzur dəhlizinə necə təsir edəcək? – Ekspert rəyi

ABŞ-İran anlaşması Zəngəzur dəhlizinə necə təsir edəcək? – Ekspert rəyi
13:18

ABŞ və İran arasında əldə olunan son anlaşma beynəlxalq ictimaiyyət tərəfindən Yaxın Şərqdə gərginliyin azaldılması istiqamətində atılmış mühüm addım kimi qiymətləndirilir. Razılaşmanın regional təhlükəsizlik, enerji bazarları və geosiyasi proseslərə mümkün təsirləri geniş müzakirə olunur. Bəs bu sənəd Cənubi Qafqazda həyata keçirilən strateji layihələrə, xüsusilə Zəngəzur dəhlizinin perspektivlərinə necə təsir göstərə bilər? ABŞ-nin bölgədəki mövqeləri zəifləyə bilərmi?

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov öz qiymətləndirməsini bölüşüb.


News365.az-a danışan ekspert bildirib ki, sənədi tamhüquqlu yekun sazişdən daha çox, tərəflər arasında gərginliyin azaldılmasına yönəlmiş ilkin anlaşma kimi qiymətləndirmək lazımdır. Onun sözlərinə görə, sənəddə əsas istiqamətlər müəyyənləşdirilsə də, bir sıra vacib məsələlər hələ açıq qalır.

Qasımov hesab edir ki, razılaşma Yaxın Şərqdə sabitliyin möhkəmlənməsinə, eyni zamanda enerji bazarlarında risklərin azalmasına müsbət təsir göstərə bilər. Bu isə dünya iqtisadiyyatı üçün də əhəmiyyətli amildir.

Politoloqun fikrincə, Azərbaycan üçün prioritet məsələ regionda sülh və təhlükəsizliyin qorunmasıdır. Çünki həm Zəngəzur dəhlizi, həm də Orta Dəhliz kimi strateji layihələrin uğurla həyata keçirilməsi məhz sabit mühitdən asılıdır.

Ekspert ABŞ-İran anlaşmasının Vaşinqtonun Cənubi Qafqazdakı rolunu zəiflədəcəyi ilə bağlı fikirləri də bölüşmədiyini vurğulayıb. O qeyd edib ki, sənəd əsasən Yaxın Şərq və Körfəz regionundakı hərbi-siyasi vəziyyətə aiddir və ABŞ-nin Cənubi Qafqaz siyasətinə birbaşa təsir göstərmir.

Oqtay Qasımovun sözlərinə görə, Vaşinqton və Tehran arasında münasibətlərin normallaşması regionda yeni iqtisadi və nəqliyyat layihələrinin reallaşması üçün əlavə imkanlar yarada bilər.


Sizin reklam burada
Sizin reklam burada