ABŞ-ın iki əsas müttəfiqi – İsrail və Türkiyə də Suriyada aktiv rol oynayır” Politoloq

ABŞ-ın iki əsas müttəfiqi – İsrail və Türkiyə də Suriyada aktiv rol oynayır” Politoloq
12:05

Amerika Birləşmiş Ştatları (ABŞ) Suriya ilə bağlı atacağı addımları heç də bu ölkənin daxili işlərinə qarışmamaq məqsədilə atmayacaq. Əksinə, ABŞ bu qərarı yalnız Suriya məsələsində istədiyinə nail olduğuna inandığı bir mərhələdə verəcək.”

Politoloq Xəyal Bəşirov bunu News365.az-a açıqlamasında deyib. 

“Bu məsələyə daha dərindən baxaq. ABŞ-ın Suriyadakı əsas rəqibi Rusiyadır. Hazırda Rusiyanın regiondakı mövqeləri zəifləyir, onun dəstəklədiyi Əsəd rejimi çöküşə doğru gedir və Rusiyanın Suriyadakı bazalarının gələcəyi sual altındadır. Rusiya bu ölkədən çəkilmək məcburiyyətində qaldıqda, bu, ABŞ üçün Suriya probleminin həll olunması anlamına gələcək.

Bundan əlavə, ABŞ-ın iki əsas müttəfiqi – İsrail və Türkiyə də Suriyada aktiv rol oynayır. Xüsusilə Türkiyə Suriyanın şimalında möhkəmlənib, İsrail isə cənub bölgələrində öz maraqlarını qoruyur. Bu vəziyyətdə ABŞ-ın Suriyadan çıxması onların maraqları ilə uzlaşmalıdır.

ABŞ-ın hazırkı prezidenti Donald Trampın siyasi yanaşmasına nəzər saldıqda isə görürük ki, o, təkcə Suriya ilə bağlı deyil, müxtəlif beynəlxalq məsələlərdə də iddialı mövqe tutur. Məsələn, o, Kanadanın ərazisi, Panama və hətta 2,1 milyon kvadrat kilometrlik Qrenlandiya üzərində iddia irəli sürüb. Belə bir liderin Suriyanın daxili işlərinə qarışmamaq məqsədilə bu ölkədən çıxacağını düşünmək inandırıcı görünmür.


Nəticə etibarilə, ABŞ-ın Suriya siyasətindəki addımları təkcə bölgədəki vəziyyətlə deyil, qlobal geosiyasi maraqları ilə də bağlıdır. ABŞ-ın Suriyadan çıxması tamamilə strateji hesablanmış bir qərar olacaq və bu, yalnız Vaşinqtonun öz maraqlarına tam nail olması halında baş verəcək.