İran rəsmiləri ABŞ-ın gözlənilən hərbi zərbəsinə cavab olaraq regiondakı Amerika bazalarının vurula biləcəyi barədə xəbərdarlıq edib. Bu açıqlamalar fonunda Vaşinqton Yaxın Şərqdəki bəzi hərbi bazalardan şəxsi heyətin bir hissəsini ehtiyat tədbiri kimi geri çəkir.
News365.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, anonim ABŞ rəsmisi regionda gərginliyin artması səbəbilə bir sıra əsas bazalarda personalın sayının azaldıldığını bildirib. Böyük Britaniyanın da Qətərdə yerləşən hərbi bazadan bəzi əməkdaşlarını çıxardığı qeyd olunur. Qətər rəsmiləri isə ölkədəki Əl-Udeyd aviabazasında görülən bu addımların mövcud regional gərginliklə əlaqəli olduğunu açıqlayıb.
Qərb hərbi mənbələrinin bildirdiyinə görə, ABŞ-ın İrana qarşı mümkün müdaxiləsi yaxın 24 saat ərzində baş verə bilər. İsrail tərəfi də Vaşinqtonun prosesə qoşulacağını istisna etmir, lakin zərbənin miqyası və vaxtı hələlik dəqiq deyil. Qərb rəsmilərindən biri bildirib ki, ABŞ administrasiyası qeyri-müəyyənlik yaratmaqla psixoloji təzyiq strategiyasından istifadə edir.
İran tərəfi region ölkələrinə mesaj göndərərək, ABŞ-ın hücumu baş verərsə, Səudiyyə Ərəbistanı, BƏƏ və Türkiyə daxil olmaqla, bu ölkələrdə yerləşən Amerika bazalarının hədəf ola biləcəyini bildirib. Eyni zamanda İran xarici işlər naziri Abbas Arakçi ilə ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff arasında birbaşa təmasların dayandırıldığı qeyd olunur.
Bütün bunlar İranda son iki həftədə baş verən genişmiqyaslı etirazlar fonunda yaşanır. Rəsmi məlumatlara görə, iğtişaşlar zamanı 2 mindən çox insan həlak olub, hüquq müdafiəçiləri isə ölənlərin sayının daha çox olduğunu bildirir. Etirazlar 1979-cu il İslam İnqilabından sonra ölkənin üzləşdiyi ən ciddi daxili böhran kimi qiymətləndirilir.
Qərb rəsmiləri bildirir ki, etirazların miqyasına baxmayaraq, hazırda İran hakimiyyətinin çökməsi real görünmür və təhlükəsizlik strukturları vəziyyətə nəzarəti saxlayır. İranın ali rəhbəri Əli Xamenei və Prezident Məsud Pezeşkian tərəfdarlarını səfərbər etməyə çalışır, dövlət mediası isə hakimiyyətə dəstək nümayişlərini yayımlayır.
ABŞ Prezidenti Donald Tramp isə İrandakı etirazçılara açıq dəstək verərək, Tehranın etirazçılara qarşı edam və sərt addımlar atacağı təqdirdə “çox güclü cavab” veriləcəyini bəyan edib. Regionda vəziyyətin yaxın günlərdə daha da gərginləşə biləcəyi istisna olunmur.