Premyer Liqada 5-ci tur arxada qaldı. Öyrəndik ki...

Premyer Liqada 5-ci tur arxada qaldı. Öyrəndik ki...
02 Sen 2024 17:51

Premyer Liqada 5-ci tur arxada qaldı. İdman eksperti Kənan Məstəliyev ötən turda komandalarımızın sərgilədiyi performansı təhlil edib. 

""Turan Tovuz" çempionata yaxşı start verib, yavaş-yavaş hədəfə doğru irəliləməkdədi. Hədəf nədir? Hələ ki "çempion olmaq istəyirik" sözü deyilməyib. Deyilsə də, bu heyətlə alınması çətindi. "Səbail"lə matçda da qələbə qazanıldı, amma rəqib bərabərlik qolunu vurmağa yaxın idi və bu baş versəydi, sürpriz olmayacaqdı.


- "Sumqayıt" avrokubokda iki oyun oynayıb, iki aydı özünə gələ bilmir. Bir komanda bir yükün altında bu qədər qala bilməz. Naxçıvanlılara evdə məğlubiyyət son həyəcan siqnalı olmalıdı.


- Ən keyfiyyətli matç Zirədə oldu. "Qarabağ" qalib gəlsə də, Rəşad Sadıqovun yetirmələri yetərincə möhkəm idilər, son dəqiqələrə qədər oyunun nəticəsini öz xeyirlərinə dəyişə bilərdilər. "Zirə" formalaşmış komandadı, liqada özünü yenə göstərəcək. 


- "Sabah" autsayderi məğlub etsə də, ondan iki top buraxması komandanın müdafiə xəttindəki problemləri bir daha təsdiqlədi. Hücumda işlər yaxşıdı, amma tək hücumla mütəmadi nəticə qazanmaq mümkün olmayacaq.


- "Kəpəz" düzələ bilər. Bu həftə bunu gördük. Azər Bağırovun işi çətin olacaq, amma mümkünsüz heç nə yoxdu.


- "Neftçi"də hər şey qaydasındadı, hər şey yaxşıdı, hər şey plan üzrə gedir. Açıqlamalarından belə fikrə gəlmək olar. "Şamaxı"ya da uduzmadılar və son pillədən uzaqlaşdılar. Böyük uğurdu."- deyə ekspert qeyd edib. 


Youtube kanalımız