Müzəffər Ali Baş Komandan İlham Əliyev: “Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir”
Cənubi Qafqazın ən mürəkkəb və qanlı
münaqişələrindən biri olan Qarabağ problemi, təkcə 1988-ci ildən başlayan hərbi
qarşıdurma ilə deyil, həm də 200 ildən artıq bir tarixi fonla xarakterizə
olunur. Bu münaqişənin kökləri, ermənilərin çar Rusiyası dövründə Azərbaycan
torpaqlarına kütləvi surətdə köçürülməsi və sonrakı illərdə aparılan planlı
işğalçılıq, saxtakarlıq siyasəti ilə birbaşa əlaqəlidir. Rəsmi İrəvanın bu
siyasəti, təkcə ərazi iddiaları ilə məhdudlaşmayıb, eyni zamanda tarixi, mədəni
və demoqrafik saxtakarlıq aktları ilə müşayiət olunub. Nəticə etibarilə, bu
siyasət regionda uzunmüddətli sülhə, sabitliyə və birgəyaşayışa ciddi zərbə
vurmuşdur. Ermənilərin Azərbaycan torpaqlarına kütləvi şəkildə köçürülməsi
prosesi XIX əsrin əvvəllərində — 1804–1813-cü illər Rusiya-İran müharibəsi və
1826–1828-ci illər Rusiya-Qacar müharibəsi nəticəsində bağlanmış Gülüstan və
Türkmənçay müqavilələrindən sonra sürətlənmişdir. Bu müqavilələrə əsasən,
Rusiya imperiyası Azərbaycanın şimal torpaqlarını işğal etmiş və əhalisinin
tərkibini süni şəkildə dəyişdirməyə başlamışdır.
Ermənilərin
köçürülməsindən sonra bir sıra bölgələrdə – xüsusilə Zəngəzurda və İrəvanda –
azərbaycanlılar sistemli şəkildə sıxışdırılmış, öz yurdlarından zorla
çıxarılmışdır. XX əsrin əvvəllərində erməni silahlı dəstələri tərəfindən həyata
keçirilmiş etnik təmizləmə nəticəsində yüz minlərlə azərbaycanlı öz ata-baba
yurdlarını tərk etməyə məcbur olmuşdur. 1918–1920-ci illərdə erməni daşnak
silahlıları tərəfindən İrəvan, Zəngəzur, Naxçıvan və Qarabağda on minlərlə dinc
azərbaycanlı qətlə yetirilmişdir. SSRİ dövründə də bu proses dayandırılmamış,
xüsusilə 1948–1953-cü illərdə Ermənistan SSR rəhbərliyinin təşəbbüsü ilə 100
mindən artıq azərbaycanlı ata-baba torpaqlarından deportasiya olunmuşdur.
1988-ci ildən etibarən Ermənistan açıq şəkildə
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə iddia irəli sürdü. SSRİ-nin süqutundan
istifadə edən rəsmi İrəvan, sovet ordusunun dəstəyi ilə Qarabağda hərbi
əməliyyatlara başladı. 1992–1994-cü illərdə baş verən Birinci Qarabağ
Müharibəsi nəticəsində Dağlıq Qarabağ və ona bitişik 7 rayon – Azərbaycanın
20%-i işğal olundu. Bu işğal nəticəsində 1 milyondan artıq azərbaycanlı öz
yurd-yuvasından didərgin düşdü, Xocalı kimi faciələr baş verdi.
2020-ci ilin 27 sentyabr səhəri Ermənistan
Silahlı Qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq, cəbhə boyunca
Azərbaycan Ordusunun mövqelərini və sərhədyanı yaşayış məntəqələrini ağır
artilleriya atəşinə tutmuşdur. Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonları
başda olmaqla, bir çox mülki obyektlər və yaşayış evləri Ermənistan tərəfindən
qəsdən və hədəflənmiş şəkildə atəşə tutulmuşdur. Bu təxribat nəticəsində, ilk
gündəcə 11 dinc sakin, o cümlədən 2 uşaq həlak olmuş, onlarla mülki şəxs
yaralanmış, evlər və mülki infrastruktur ciddi ziyan görmüşdür. Düşmənin bu
qəfil və qəddar hücumu yalnız hərbi mövqelərə deyil, həm də mülki əhalini
qorxutmağa və humanitar böhran yaratmağa yönəlmişdi. Bu faktlar beynəlxalq
hüquq baxımından müharibə cinayətləri və insanlığa qarşı cinayətlər
kateqoriyasına daxildir.
2020-ci ildə Azərbaycan Ordusunun həyata
keçirdiyi 44 günlük Vətən Müharibəsi nəticəsində torpaqların böyük hissəsi azad
edildi. 2023-cü ildə isə antiterror tədbirləri nəticəsində Azərbaycanın
suverenliyi tam bərpa olundu. Azərbaycan Ordusu əks-hücum əməliyyatına
başladığı gündən etibarən yüksək peşəkarlıq, intizam və texnoloji üstünlük
nümayiş etdirmişdir. Xüsusilə pilotsuz uçuş aparatları, yüksək dəqiqliyə malik
silah sistemləri və operativ komanda qərargahının düzgün idarəetməsi
nəticəsində düşmənin müdafiə xəttləri ard-arda yarılmışdır. Əsgər və
zabitlərimizin misilsiz qəhrəmanlığı sayəsində qısa müddət ərzində Füzuli,
Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut qəsəbəsi və digər bir sıra
strateji əhəmiyyətli ərazilər azad edilmişdir. Nəhayət, 8 noyabr 2020-ci ildə
Azərbaycanın mədəniyyət incisi olan Şuşa şəhəri müzəffər Azərbaycan Ordusu
tərəfindən işğaldan azad edildi. Bu tarixi hadisə faktiki olaraq müharibənin
taleyini müəyyənləşdirdi.
Ermənistanın
apardığı bu siyasət BMT Nizamnaməsinə, Helsinki Yekun Aktına, Cenevrə
Konvensiyalarına və bir çox beynəlxalq sənədlərə ziddir. BMT Təhlükəsizlik
Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində Ermənistan ordusunun
Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması tələb edilsə də, bu
tələblər uzun illər ərzində yerinə yetirilməmişdi.
2020-ci ildə
əldə edilmiş bu möhtəşəm qələbə şəhidlərimizin, qazilərimizin və bütün
xalqımızın misilsiz fədakarlığı sayəsində mümkün oldu. Azərbaycan Respublikası
Prezidentinin sərəncamı ilə 27 sentyabr Anım Günü elan edilmişdir. Hər il bu
tarixdə ölkənin hər yerində şəhidlərin xatirəsi ehtiramla yad olunur, onların
qəhrəmanlığı gələcək nəsillərə nümunə kimi göstərilir. Anım Günü həm də
Azərbaycan xalqının milli həmrəyliyinin, vətən sevgisinin, haqq və ədalət
uğrunda apardığı mübarizənin rəmzidir. Bu gün yalnız matəm deyil, həm də milli
qürur və şəhidlərimizin xatirəsinə ehtiram günüdür Azərbaycan Respublikasının
Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev şəhidlərimiz haqqında
danışarkən demişdir: “Əziz həmvətənlər, Anım Günündə bütün şəhidlərimizin
xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin
ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Onların
yaxınlarına, qohumlarına deyirəm ki, mən demişdim, onların qanı yerdə
qalmayacaq və qalmadı. Biz onların qanını aldıq! Mən demişdim ki, biz onların
qisasını döyüş meydanında alacağıq, belə də oldu. Bu Qələbəni bizə bəxş edən
qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı,
onların şücaəti, fədakarlığı artıq dastana çevrilib”.
Tarix boyu rəsmi İrəvanın Azərbaycana qarşı
apardığı işğalçı siyasət, yalnız hərbi təcavüz və ərazi iddiaları ilə
məhdudlaşmayıb, eyni zamanda dərin ideoloji, mədəni və informasiya təxribatları
ilə müşayiət olunmuşdur. Tarixin təhrif edilməsi, toponimlərin dəyişdirilməsi,
mədəni abidələrin mənimsənilməsi və etnik təmizləmə aktları bu siyasətin əsas
elementlərindəndir. Lakin Azərbaycan xalqının iradəsi, tarixi ədalətin
bərpasına yönəlmiş mübarizəsi nəticəsində bu siyasət iflasa uğramış və
Azərbaycanın ərazi bütövlüyü bərpa edilmişdir. Azərbaycan bu gün yalnız öz
ərazi bütövlüyünü deyil, həm də tarixi və mədəni həqiqətləri müdafiə etməkdə
davam edir.
Zenfira
Nurullayeva
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin
xor ixtisası üzrə müəllimi,
Azərbaycan Respublikasının Əməkdar müəllimi