" Yuxarı təbəqələr hakimiyyəti əllərində möhkəm saxlayır"- Y.Boçarov

" Yuxarı təbəqələr  hakimiyyəti əllərində möhkəm saxlayır"- Y.Boçarov
26 Dek 2024 11:34

"Suriyada rejim devrildikdən sonra ölkədə müəyyən bir sakitlik bərqərar oldu. Bu sakitlik, həm ABŞ, həm də Rusiya tərəfindən terror təşkilatı hesab edilən "Heyət Təhrir əş-Şam" qrupunun liderinin rəhbərliyi altında həyata keçirildi. 

Eyni zamanda  Suriyada yalnız Türkiyə, Rusiya və ABŞ orduları və 10-dan  çox terror təşkilatları da fəaliyyət göstərir. Bununla bağlı ölkədə daxili ziddiyyətlər və problemlər kifayət qədər çoxdur ki, bu da hər an vətəndaş müharibəsinə çevrilə bilər."

Bu sözləri news365-ə israilli politoloq,aziznews.com saytının redaktoru Yuri Boçarov bildirib.

O, bildirib ki, Suriyanın faktiki lideri Əhməd əl-Şəranın həm xarici müdaxilədən, həm də daxili parçalanmadan qaçınmaq məqsədilə verdiyi bəyanatlar diqqət çəkir. 

"O, müharibədən yorulan Suriyanın  qonşuları və Qərb üçün təhlükə yaratmadığını bildirib. Çoxsaylı müsahibələrində o, Suriyaya tətbiq edilən sanksiyaların aradan qaldırılmasına çağırış edib və qonşu ölkələrin, o cümlədən İsrailin liderlərinə müraciət edərək hər kəslə sülh istəyində olduğunu vurğulayıb.

Lakin unutmamalıyıq ki, dünənə qədər Suriya İranın "şər oxu"nun əsas dayaq nöqtələrindən biri olub. İran Suriya  vasitəsilə həm maliyyə, həm də hərbi yardımları Livandakı "Hizbullah" terrorçularına ötürürdü. Həmin terrorçular da Suriyada Bəşər Əsəd rejiminin dayaqlarından biri olub. Əsəd rejiminin devrilməsinə baxmayaraq, İranın həm "Hizbullah"-a  həm də Suriyada fəaliyyət göstərən pro-İran polis qüvvələrinə marağı davam edir. 

Bu terror qruplaşmaları döyüşlərdə ciddi şəkildə zəiflədilsələr də, Suriyanı tərk etsələr də, yenə də ciddi bir qüvvə , təhlükə olaraq qalırlar və hər an ölkədə vətəndaş müharibəsi törədə bilərlər. Suriyanın yeni hökuməti də bu problemi açıq şəkildə dərk edir."

Suriyanın Müvəqqəti Hökumətinin xarici işlər naziri Əl-Şeybaninin İrana Suriyada xaos yaratmaqdan çəkinməyə çağıran bəyanatlarına fikir bildiriən ekspert deyib ki, təbiidir ki, Tehran  Suriyada Əsəd rejiminin devrilməsinə səbəb olan "inqilabi impulsun" domino effekti yaradaraq İranın özünə də sıçramasından narahatlıq duyulur. 

"Üstəlik, İranda həm iqtisadi, həm də sosial vəziyyətin olduqca acınacaqlı olduğu bir şəraitdə bu narahatlıqlar daha da artır.

Donald Trampın ABŞ-ın İranla bağlı siyasətini kəskin şəkildə dəyişəcəyini bəyan edərək prezidentliyə andiçmə tarixinin yaxınlaşması İran hakimiyyətində ciddi narahatlıqla yanaşı, müxalifət düşərgəsində müəyyən ümidlər də doğurur. Lakin həm Suriyada, həm də İran ətrafında baş verən cari hadisələrin yaxın gələcəkdə hakimiyyətin radikal şəkildə dəyişməsinə gətirib çıxaracağı ehtimalı azdır. 

Bütün sanksiyalara baxmayaraq, İran iqtisadiyyatı Səudiyyə Ərəbistanı və Türkiyədən sonra Yaxın Şərqdə üçüncü ən böyük iqtisadiyyat olaraq qalır.

Hər nə qədər aşağı təbəqələrdə hakimiyyət dəyişikliyi üçün bütün daxili şərtlər yetişmiş olsa da, yuxarı təbəqələr  hakimiyyəti möhkəm şəkildə əllərində saxlayır."

Səbinə Uğur, News365


Youtube kanalımız