“Son dövrlər
çox insan gəlir qazanmaq istəyərkən əslində illərlə yığdığı pulları itirir.
TikTok-da, Telegram-da və digər sosial şəbəkələrdə bir çox fırıldaq sxemləri
"investisiya" adı ilə insanların cibinə girir.
Bunu News365.az-a
söhbətində iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O, bildirib ki, bir iqtisadçı
kimi məqsədi insanları qorumaq, məlumatlandırmaq və riskləri doğru qiymətləndirməyə
kömək etməkdir:
“Təxmini,
illik gəlir faizi və onun yaratdığı risk səviyyəsini belə yaza bilərik. Əgər
sizə illik 5 faizədək gəlir vəd edirlərsə – bu ənənəvi depozit, istiqraz kimi
alətlərdir. Gəlir azdır, amma pul təhlükədə deyil.
6–12 faiz
aralığında vədlər varsa, bu artıq real xidmət və ya kirayə gəliri ola bilər.
Araşdırılsa, sənədlərlə təsdiqlənsə, mümkündür.
Əgər 13–25
faiz arası gəlir vəd edilirsə – burada artıq suallar yaranmalıdır. Yalnız
konkret fiziki iş varsa, istehsal, emal və s. mümkündür. Amma əgər sizə izah
etmirlər ki, bu qazanc haradan gəlir, onda düşünün!
26–40 faiz
arasında gəlir təklifi eşidirsinizsə, diqqət ən yüksək olmalıdır. Real görünə
bilər, amma bu artıq sərhəd zonasıdır. Əgər konkret məhsul, ticarət, satış
strukturu göstərilmirsə, ehtiyatlı olun.
Və nəhayət, əgər
sizə illik 40 faizdən yuxarı gəlir vəd edilirsə, bilin ki, bu fırıldaq ehtimalı
ilə doludur. Bu gəlirlər yalnız saxta piramida sistemlərində, ya da çox böyük
risklərlə mümkündür. Xüsusilə 60 faizdən yuxarı vəd edilirsə, izaha belə qulaq
asmadan qaçın!”.
News365.az