Xüsusi icra məmurunun haqqının necə müəyyənləşəcəyi məlum olub

Xüsusi icra məmurunun haqqının necə müəyyənləşəcəyi məlum olub
14:24

Xüsusi icra məmurunun haqqının necə müəyyənləşəcəyi məlum olub.

News365.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Xüsusi icra məmurları haqqında" qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, xüsusi icra məmurunun haqqının məbləği müəyyən edilərkən onun özünümaliyyələşdirmə ehtiyacı nəzərə alınmalıdır. Xüsusi icra məmurunun haqqı standart haqq və əlavə icra haqqından ibarətdir. Standart haqq icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin, xüsusi icra məmurunun və onun işçilərinin əməyinin ödənilməsi üçün verilir. Əlavə icra haqqı qarşılıqlı razılığa əsasən icranın tam və ya qismən təmin olunmasına görə ödənilir. Xüsusi icra məmurunun haqlarına dair məlumatlar xüsusi lövhədə xüsusi icra məmurunun ofisində görünən yerdən asılmalı, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və Palatanın rəsmi internet səhifələrində yerləşdirilməlidir. Xüsusi icra məmurunun standart haqqının hesablanması meyarları və hədləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

Pul tələbinə dair icra sənədləri üzrə standart haqq tələbkarın xeyrinə tutulmalı olan məbləğlə eyni vaxtda borcludan tutulur. Borcludan tutulmuş vəsait standart haqqın və icra sənədi üzrə tələbin tam ödənilməsinə kifayət etmədikdə ilk növbədə standart haqqın ödənilməsinə yönəldilir. Pul tələbi olmayan icra sənədləri üzrə standart haqq icra sənədi tam icra olunduqdan sonra borcludan tutulur. Birgə borclular standart haqqın ödənilməsi üçün müştərək məsuliyyət daşıyırlar. Xüsusi icra məmuru icra icraatına başlamaq haqqında qərarla eyni vaxtda standart haqqın tutulması barədə qərar çıxarır və onu 3 (üç) iş günü müddətində tərəflərə göndərir.

Standart haqq borclu tərəfindən ödənilməzsə, xüsusi icra məmuru standart haqqın tutulması barədə qərarını həmin icraat çərçivəsində məcburi icraya yönəldir. Xüsusi icra məmurunun fəaliyyətinə xitam verildiyi hallar istisna olmaqla, bu qərarın icrası həmin xüsusi icra məmuru tərəfindən həyata keçirilir. Məcburi icra tədbirlərinə baxmayaraq borcludan tutulması mümkün olmadıqda icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tələbkar tərəfindən ödənilməlidir.

İcra sənədi könüllü icra müddəti bitənədək borclu tərəfindən icra olunarsa, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər istisna olmaqla, borclu standart haqqı ödəməkdən azad edilir.

Əlavə icra haqqının hesablanması meyarları və hədləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Əlavə icra haqqının tələbkar tərəfindən ödənilməsi şərtləri icraata başlanmazdan əvvəl xüsusi icra məmuru ilə tələbkar arasında yazılı razılıqla müəyyən olunur. Əlavə icra haqqı icra icraatının bütün müddəti ərzində ödənilə bilər.

İcra icraatına başlamazdan əvvəl standart haqq tələbkar tərəfindən avanslaşdırılmalıdır.

Avansın məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdıyı orqan (qurum) müəyyən edir.

Alimentlərin tutulması, sağlamlığa vurulmuş, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə dəymiş, cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbləri, habelə işin məhkəmə baxışında dövlət hesabına hüquqi yardım almış şəxslər istisna olmaqla, tələbkar avans məbləğini ödəmədiyi təqdirdə xüsusi icra məmuru icra icraatına başlamaqdan imtina edir.

İcra tədbirlərinin nəticəsində standart haqqın məbləğinin avansdan çox və ya az olmasından asılı olmayaraq, standart haqq borcludan tam tutulduqda avans məbləği tələbkara qaytarılır. Standart haqqın məbləği avansdan çox olarsa, standart haqq borcludan qismən tutulduqda avansla cəmlənir, standart haqqın tam məbləğini keçən hissə tələbkara qaytarılır, standart haqqın borcludan tutulması mümkün olmadıqda isə avans tələbkara qaytarılmır. Standart haqqın məbləği avansdan az olarsa, standart haqq borcludan qismən tutulduqda çatışmayan məbləğ avans hesabına tamamlanır və avansdan qalan hissə tələbkara qaytarılır, standart haqqın borcludan tutulması mümkün olmadıqda isə avansla standart haqq arasındakı məbləğ fərqi tələbkara qaytarılır.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.



Sizin reklam burada
Sizin reklam burada