Virtual reallıq (VR) oyunlarının sürətlə yayılması ilə yanaşı, bu texnologiyaların istifadəçilər haqqında topladığı məlumatların həcmi və həssaslığı da artmaqdadır. VR platformaları oyun təcrübəsini təkmilləşdirmək məqsədilə istifadəçilərin mövqeyi, hərəkət trayektoriyası, baxış istiqaməti və davranış nümunələri kimi məlumatları real vaxt rejimində emal edir. Bu məlumatlar bir tərəfdən texnoloji inkişaf üçün vacib olsa da, digər tərəfdən şəxsi məlumatların təhlükəsizliyi və məxfiliyi ilə bağlı ciddi risklər yaradır. Məhz buna görə də VR oyunlarında məlumatların hansı səviyyədə qorunduğu və bu məlumatların şəxsi məlumat kimi necə təhlükəsiz saxlanıldığı müasir rəqəmsal təhlükəsizlik müzakirələrinin əsas mövzularından birinə çevrilib.
Bəs VR oyunlarında istifadəçilərin mövqeyi, hərəkət və davranış məlumatlarının təhlükəsizliyi necə təmin olunmalı və bu məlumatların şəxsi məlumat kimi qorunması üçün hansı texniki həllər tətbiq edilə bilər?
Bu barədə kibertəhlükəsizlik üzrə mütəxəssis Elnur Atayev bildirib ki, VR texnologiyalarında istifadəçi davranış və biometrik məlumatlarının toplanması yalnız zəruri hallarda aparılmalı və yüksək səviyyəli məlumat təhlükəsizliyi ilə qorunmalıdır:
“VR oyunlarında istifadəçilərin mövqe, hərəkət və davranış məlumatlarının real vaxtda toplanması bu texnologiyanı həm innovativ, həm də riskli edir. Bu məlumatlar biometrik və davranış nümunələri yaratdığı üçün şəxsi məlumat kimi qorunmalı və yüksək səviyyəli təhlükəsizlik tədbirləri ilə əhatə olunmalıdır. Əsas tələblərdən biri məlumatların ötürülməsi və saxlanması zamanı güclü şifrələmənin tətbiq edilməsidir. İstifadəçi cihazı ilə server arasında ötürülən bütün məlumatlar qorunmalı, üçüncü tərəflərin müdaxiləsi istisna edilməlidir. Eyni zamanda, yalnız oyun üçün zəruri olan məlumatların toplanması prinsipi tətbiq olunmalı, əlavə davranış və biometrik göstəricilər istifadəçinin razılığı olmadan qeydə alınmamalıdır”.
Ekspertin sözlərinə görə, istifadəçi hesablarının qorunması üçün çoxfaktorlu autentifikasiya, real vaxt təhlükəsizlik monitorinqi və şübhəli fəaliyyətlərin vaxtında aşkarlanması vacibdir:
“İstifadəçi hesablarının təhlükəsizliyi üçün güclü autentifikasiya mexanizmləri və çoxfaktorlu giriş metodları vacibdir. Bu, hesabların ələ keçirilməsi və məlumatlara icazəsiz çıxış riskini azaldır. Paralel olaraq, real vaxtda təhlükəsizlik monitorinqi və anomaliya aşkarlanması sistemləri tətbiq edilməli, şübhəli fəaliyyətlər vaxtında müəyyən olunmalıdır”.