Son günlər Rusiya Federasiyasının Yekaterinburq şəhərində azərbaycanlı soydaşlarımıza qarşı həyata keçirilmiş əməliyyatla bağlı yayılan məlumatlar dərin narahatlıq və hiddət doğurur.
Bunu tanınmış vəkil, 28 saylı Vəkil bürosunun rəhbəri Hikmət Əliyev deyib.
O bildirib ki, “axtarış” və ya “cinayət işi” adı altında keçirilmiş bu əməliyyatlar zamanı əsas insan hüquqları – yaşamaq və işgəncəyə məruz qalmamaq hüquqları – kobud və açıq şəkildə pozulub:
“Unutmaq olmaz ki, cinayət işi aparılması və ya istintaqın həyata keçirilməsi heç bir halda insanın həyatına son qoymaq, yaxud ona qarşı fiziki və psixoloji işgəncə tətbiq etmək üçün əsas ola bilməz. Hüquq-mühafizə tədbirləri hüququn çərçivəsində, insan ləyaqətinə hörmətlə və hüququn aliliyi prinsipi əsasında aparılmalıdır.
Bu konkret hadisədə isə hüquqi prosedurların pozulması ilə yanaşı, etnik mənsubiyyətə görə ayrı-seçkilik əlamətləri daşıyan qəddar davranış və zorakılıq halları müşahidə olunub”.
Büro rəhbəri qeyd edib ki, bu təkcə hüquqi pozuntu kimi deyil, eyni zamanda etik, insani və siyasi müstəvidə qəbuledilməz hal kimi qiymətləndirilməlidir:
“Hesab edirəm ki, bu məsələ yalnız fərdi məsuliyyətlə məhdudlaşmamalı, eyni zamanda dövlətlərarası münasibətlər kontekstində də ciddi şəkildə qiymətləndirilməlidir. Azərbaycan tərəfinin bu məsələ ilə bağlı ortaya qoyduğu haqlı narahatlıq nəzərə alınmalı, məsuliyyət daşıyan şəxslər barəsində dərhal hüquqi ölçü götürülməli, zərərçəkmiş ailələrə isə hüquqi və psixoloji dəstək təmin edilməlidir”.