Ukraynada siyasi gərginlik yeni mərhələyə keçir: Zelenskiyə qarşı kampaniya genişlənir

Ukraynada siyasi gərginlik yeni mərhələyə keçir: Zelenskiyə qarşı kampaniya genişlənir
14:33

Ukraynada müharibə davam etdikcə, ölkə daxilində siyasi təzyiqlər və informasiya savaşları da daha da kəskinləşir. Son günlər prezident Zelenskinin istefası ilə bağlı yayılan xəbərlər cəmiyyətdə və beynəlxalq mediada geniş müzakirələrə səbəb olub. Müharibənin taleyinin həll olunduğu bir dönəmdə belə iddiaların ortaya atılması ekspertlərin diqqətini çəkir. Mütəxəssislər hesab edir ki, bu kampaniyanın arxasında həm daxili siyasi qrupların, həm də Ukraynanın zəifləməsində maraqlı olan xarici dairələrin məqsədli fəaliyyəti dayanır.

Mövzunu şərh edən hərbi ekspert Üzeyir Cəfərov News365.az-a açıqlamasında Zelenskinin istefasının indiki mərhələdə mümkünsüz olduğunu bildirib.


Ekspertin sözlərinə görə, artıq dörd ildir ki, Ukrayna liderinin “qeyri-legitim” elan olunması, istefaya çağırılması ilə bağlı müxtəlif iddialar səslənsə də, bunların heç biri gerçək vəziyyəti əks etdirmir.

Cəfərov son günlər Qara dənizdə baş verən insidentə də toxunaraq, Ukraynanın Rusiya üçün yük daşıyan gəmiyə zərbə endirməsini haqlı addım kimi qiymətləndirib:

“Gəmi Afrika bayrağı altında olsa da, onun Rusiyaya xidmət etdiyini hamı bilir. Türkiyə Prezidenti də narahatlığını bildirib, lakin reallıq budur ki, Rusiya regionda istədiyi kimi davranan dövlətdir.”

Ekspert Zelenskinin istefası ehtimalının müzakirəsinin məqsədli şəkildə gündəmə gətirildiyini qeyd edib:

“Bu gün Ukrayna ölüm-qalım mərhələsindədir. Zelenski Putindən fərqli olaraq hakimiyyətə yapışan lider deyil. Lakin müharibənin ən kritik anında onun istefası qeyri-mümkündür. Hazırda müəyyən dairələr Zelenskini ləkələməyə, korrupsiya ittihamları ilə onu gözdən salmağa çalışır.”

Cəfərov Yermakın ölkəni tərk etməsinin qadağan olunması ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib:

“Yermak qurban olaraq seçildi. Onun istefası yarım saat içində həll olundu. Ukraynada post-sovet ənənəsi olan korrupsiya faktlarından bəzi qruplar indi də istifadə etməyə çalışır.”

Ekspert vurğulayıb ki, Zelenskinin yaxın komandası ilə bağlı yayılan korrupsiya ittihamlarının Ukrayna Prezidentinə bağlanması məqsədli kampaniyanın bir hissəsidir.


Sizin reklam burada
Sizin reklam burada