Rusiya Silahlı Qüvvələrinin Ukrayna ərazisində Qərb silahlarını "ovlayan" və Ukrayna Silahlı Qüvvələrini (VSU) qorxu içində saxlayan “Rubikon” adlı elit bölməsi var. Bu barədə Britaniyanın “The Telegraph” qəzeti yazıb.
Nəşrin məlumatına görə, söhbət Rusiya Silahlı Qüvvələrinin pilotsuz təyyarələrinin elit bölməsindən gedir. Bölmə digər fəaliyyətlərlə yanaşı, Çasov Yar yaxınlığında HIMARS MLRS-ni də məhv edə bilib. Məqalə müəllifi Ukrayna Silahlı Qüvvələri tərəfindən Amerika istehsalı olan bu raket buraxılış sisteminin məhvini təsdiqləyən kadrlara istinad edib.
"Dronla çəkilən kadrlar zərbədən bir neçə saniyə əvvəl kəsilir. Lakin ayrı-ayrı görüntülərdə partlayış anları aşkar göstərilib və bu, Ukraynanın ən qiymətli raket sistemlərindən birinin məhv edildiyini təsdiqləyir", - məqalədə yazılıb.
“The Telegraph” yazır ki, haqqında söz açdıqları bölmə bu il Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətindən sıxışdırılması kampaniyasının bir hissəsi kimi bölgəyə yerləşdirilib. Lakin indi “Rubikon”un fəaliyyəti Ukrayna Silahlı Qüvvələrinin ən qiymətli aktivlərini, xüsusən də uzaqmənzilli Qərb raketlərini "ovlamağ"a yönəldilib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural