Cənubi Qafqazda normallaşma prosesinin sürətlənməsi fonunda Türkiyə–Ermənistan münasibətlərinin gələcəyi yenidən diqqət mərkəzinə çevrilib. Bölgədə kommunikasiya xətlərinin açılması, iqtisadi əlaqələrin genişlənməsi və sülh prosesinin davam etdirilməsi beynəlxalq güclərin də maraq dairəsindədir.
Milli Məclisin deputatı Elşad Musayev News365.az-a açıqlamasında bildirib ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin yaxşılaşması həm ABŞ, həm də Avropa İttifaqı tərəfindən dəstəklənir.

Deputat qeyd edib ki, Azərbaycanla Ermənistan arasındakı münasibətlərin inkişafı Türkiyə–Ermənistan əlaqələrinə də müsbət təsir göstərir.
Onun sözlərinə görə, ticarət əlaqələrinin gücləndirilməsi, bölgədə sülhün təmin olunması və nəqliyyat-kommunikasiya xətlərinin açılması həm Qərb ölkələri, həm də Türkiyə və Azərbaycan tərəfindən dəstəklənən əsas məsələlərdəndir.
Elşad Musayev bildirib ki, bu prosesə mane olmağa çalışan ölkələr də mövcuddur:
“Burada bu işə maneə olmağa çalışan ölkələr var. Buna İran misaldır. İranın maraqlarına uyğun deyil. Rusiya isə müəyyən qədər tərəddüd göstərir”.
Deputatın fikrincə, Moskva nəqliyyat-kommunikasiya xətlərinin Ermənistan və Azərbaycan arasında məhz Rusiyanın nəzarəti altında fəaliyyət göstərməsini istəyir.
O vurğulayıb ki, Ermənistanla Türkiyə arasında münasibətlərin yaxşılaşması Rusiyanın bölgədəki təsir imkanlarını müəyyən qədər azalda bilər. Eyni zamanda, Orta Dəhlizin Rusiyanın nəzarəti olmadan fəaliyyət göstərməsi də Moskvanın maraqlarına uyğun hesab edilmir.
Millət vəkili əlavə edib ki, ABŞ başda olmaqla Qərb ölkələri həm Türkiyə–Ermənistan, həm də Azərbaycan–Ermənistan münasibətlərinin normallaşmasında maraqlıdır.
Onun sözlərinə görə, regionda sabitliyin təmin olunması və iqtisadi əməkdaşlığın genişlənməsi Cənubi Qafqaz üçün yeni imkanlar yarada bilər.