Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə bu gün keçirilmiş Milli Təhlükəsizlik Şurasının iclasında Rusiya-Ukrayna məsələsi müzakirə olunub.
News365.az xəbər verir ki, iclasdan sonra yayılan rəsmi açıqlamada Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədə son vəziyyətin qiymətləndirildiyi bildirilib.
Müharibənin daha da şiddətlənməsi riski fonunda diplomatik həll axtarışlarının əhəmiyyəti xüsusi vurğulanıb.
Türkiyənin, beynəlxalq tərəfdaşları ilə birlikdə ədalətli və davamlı sülhün təmin edilməsi üçün səylərini davam etdirəcəyi qeyd olunub.
İclasda həmçinin Azərbaycan və Ermənistan arasında aparılan sülh prosesi çərçivəsində son dövrdə əldə olunan nailiyyətlər fonunda ikitərəfli və regional əməkdaşlıq imkanları da müzakirə edilib.
Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olunması, eləcə də inkişafın təmin edilməsi ilə bağlı Türkiyənin iradə nümayiş etdirməsinin təqdirəlayiq olduğu vurğulanıb.