Regionda gərginlik fonunda hərbi hədəflərlə yanaşı mülki obyektlərin də zərbə altına düşməsi narahatlıq doğurur.
News365.az xəbər verir ki, politoloq Oqtay Qasımovun şərhinə görə, Tehran–Kərəc magistralında yerləşən körpünün vurulması tərəflər arasında vəziyyətin daha da kəskinləşdiyini göstərən ciddi siqnaldır. Onun sözlərinə görə, belə şəraitdə danışıqların bərpası demək olar ki, mümkünsüz görünür.
Ekspert bildirir ki, artıq regionda humanitar risklər də artır. O qeyd edib ki, Küveytdə neft emalı müəssisəsi ilə yanaşı suyun duzsuzlaşdırılması zavodunun da hədəfə alınması vəziyyəti daha da ağırlaşdırıb. Qasımovun fikrincə, bu cür addımlar hərbi deyil, mülki infrastruktura yönəlib və əhalinin susuzluqla üz-üzə qalmasına səbəb ola bilər.
Politoloq əlavə edib ki, əgər tərəflər arasında razılaşma əldə olunmasa, hərbi qarşıdurmanın miqyası daha da genişlənəcək. Onun sözlərinə görə, ABŞ əsasən İranın strateji obyektlərini hədəf almağa çalışır. Məqsəd isə yalnız hərbi üstünlük qazanmaq deyil, həm də ölkənin siyasi kursuna təsir göstərməkdir.
Qasımov iddia edir ki, Vaşinqtonun planları arasında İranın ballistik raket imkanlarının zəiflədilməsi də var. Onun sözlərinə görə, bu istiqamətdə artıq müəyyən nəticələr əldə olunub və raket potensialının bir hissəsi sıradan çıxarılıb.