“Tramp Ukraynaya yeni və daha güclü silahlar verə bilər” - Əli Mustafa

“Tramp Ukraynaya yeni və daha güclü silahlar verə bilər” - Əli Mustafa
15 İyl 2025 15:55

Politoloq Əli Mustafa ABŞ-ın sabiq prezidenti Donald Trampın Ukrayna ilə bağlı siyasətində sürpriz bir addım atmaq ehtimalının olduğunu bildirib.

O, News365.az-a açıqlamasında Trampın Ukraynaya yeni və daha güclü silahların verilməsi ilə bağlı qərar verə biləcəyini istisna etməyib.

Politoloqun sözlərinə görə, Trampın əsas diqqət yetirdiyi məsələ Kiyevin müdafiəsidir:

“Tramp hər zaman qeyd edir ki, Kiyev qorunmalıdır və bu məqsədlə müdafiə silahları, o cümlədən “Patriot” sistemləri Ukraynaya verilməlidir. O, Putinlə bağlı da bildirir ki, gözəl danışsa da, gecələr şəhərləri bombalayır və insanların ölümünə səbəb olur. Bu səbəbdən müdafiə sistemlərinin təmin edilməsi vacibdir”.

Əli Mustafa bildirib ki, bu mərhələdə Trampın Ukraynaya yeni və daha mürəkkəb silahlar göndərməsi ehtimalı daha yüksək qiymətləndirilir:

“Ehtimal olunur ki, Tramp Ukraynaya yalnız müdafiə deyil, həm də hücum gücünü artıracaq yeni silah sistemləri göndərə bilər. Hətta onun nümayəndəsinin hazırda Ukraynada olduğu və bir həftə ərzində orada qalacağı gözlənilir. Bu da Ukraynanın ehtiyaclarının yerində öyrənilməsi və gələcək yardımların müəyyənləşdirilməsi üçün edilir”.

Politoloq qeyd edib ki, bu prosesin nəticəsi olaraq Trampa təqdim olunacaq hesabat, ABŞ prezidentinin gələcək qərarlarına istiqamət verə bilər:

“Nümayəndənin Ukraynada olması, həm Ukraynanın tələblərinin öyrənilməsi, həm də yeni yardım paketlərinin hazırlanması baxımından əhəmiyyətlidir. Bu, prezidentə gələcək addımları üçün bir növ istiqamət verəcək”.

Xatırladaq ki, ABŞ-da keçiriləcək seçkilər ərəfəsində Trampın xarici siyasətə dair yanaşmaları və mümkün hərbi dəstəkləri qlobal miqyasda diqqətlə izlənilir.


Sizin reklam burada
Sizin reklam burada