Şəfiqə Məmmədovanı Rasim Balayev özü seçmişdi - Tənqidlərə cavab

Şəfiqə Məmmədovanı Rasim Balayev özü seçmişdi - Tənqidlərə cavab
17:35

Azərbaycan kino ictimaiyyətində son günlər Rasim Balayevin vəfatından sonra Azərbaycan Kinematoqrafçılar İttifaqında idarəçilik məsələləri yenidən müzakirə mövzusuna çevrilib. İttifaqda sədr vəzifəsini müvəqqəti olaraq Şəfiqə Məmmədova icra edir. Lakin onun fəaliyyəti və idarəçilik prinsipləri ilə bağlı səslənən fikirlər mövzunu aktuallaşdırıb.

News365.az xəbər verir ki, Baba Vəziroğlu bildirib ki, mövcud vəziyyət normal idarəetmə qaydalarına uyğundur. O deyib ki, hər yerdə olduğu kimi birinci şəxs vəzifəsini icra edə bilməyəndə onu ikinci şəxs, yəni birinci katib əvəz edir. Onun sözlərinə görə, hazırda da ittifaqda bu prinsip tətbiq olunur və Şəfiqə Məmmədova hər gün iş başındadır.

" Rasim Balayevin vəfatından sonra Şəfiqə Məmmədovanın məsuliyyət daha da artıb. İşdə əsas məqsəd böyük sənətkarın yoxluğunu iş prosesində hiss etdirməməkdir. Təbii ki, Rasim Balayevi heç kim əvəz edə bilməz, amma təşkilatın fəaliyyəti davam etməlidir".

Katib həmçinin Şəfiqə Məmmədova ilə rasim Balayevin şəxsi keyfiyyətlərini müqayisə edənlərlə razılaşmadığını bildirib. O vurğulayıb ki, dünyada heç kim bir-birinə bənzəmir:

"Ola bilər ki, rasim Balayev hamı ilə yola gedən, deyib-gülən biri olub. Bu o demək deyil ki, hamı elə olacaq. Dünyada 8 milyard insanın heç biri bir-birinə oxşamır. Əsas məsələ odur ki, şəxsi fikirlər işə təsir etməsin".

Baba Vəziroğlu həmçinin xatırladıb ki, Şəfiqə Məmmədova bu vəzifəyə təsadüfən gəlməyib. O deyib ki, əvvəlcə Rüstəm İbrahimbəyov onu birinci katib kimi irəli sürüb, daha sonra isə Rasim Balayev qurultayda onu təsdiqləyib:

"Bu seçimi müzakirə etmək Rasim Balayevin qərarını da sual altına almaq deməkdir. Şəfiqə Məmmədova uzun illər ittifaqda rəhbər statusunda çalışıb, təcrübəli sənətkardır və kollektivlə işləmə bacarığına malikdir".

Yeni qurultayın vaxtı ilə bağlı suala cavabında isə o bildirib ki, hələ konkret tarix müəyyənləşməyib. Onun sözlərinə görə, bu məsələ idarə heyəti və katiblik tərəfindən kollegial şəkildə həll olunur.

Baba Vəziroğlu qeyd edib ki, qurultayın təşkili geniş hazırlıq tələb edir və bu, qısa müddətdə həll ediləcək məsələ deyil:

"Rasim Balayevin vəfatından sonra belə qərarların tələsik verilməsi düzgün sayılmır. Bir az keçsin onda qərar verərik qurultay 1 ay sonra, 1 - 3 il sonra, yoxsa ümumiyyətlə keçirilməyəcək. İndi bilmirik avqustda kino gününə hazırlaşaq, yoxsa qurultay arxasınca gedək" - sonda ittifaq üzvü vurğulayıb.

Azərbaycan Kinematoqrafçılar İttifaqının idarə heyyətinin üzvü, kinotənqidçi Sevda Sultanova ittifaqda konkret problemlərin yaşanmadığını vurğulayıb. Modern.az


Sizin reklam burada
Sizin reklam burada