“Təcridxanada azadlıqda olduğum kimi oldum” - Ədalət Verdiyev

“Təcridxanada azadlıqda olduğum kimi oldum” - Ədalət Verdiyev
09 Apr 2025 16:04

Məlum olduğu kimi, bir müddət əvvəl həbs edilən tanınmış hərbi ekspert Ədalət Verdiyev aprelin 7-də azadlığa buraxılıb.

News365.az xəbər verir ki, ekspert həbsdən azad edildikdən sonra ilk dəfə sosial şəbəkə hesabında paylaşım edib.

“7 aprel tarixindən azadlıqdayam. İlk olaraq dövlətimizin memarı olan Ulu Öndərimizi və qəhrəman Şəhidlərimizi ziyarət etdim. Allah hamısına rəhmət eləsin! Həbs müddətində isə müzəffər Ali Başa Komandamıza, qalib Vətənimizə və möhtəşəm qələbəmizə xidmət etmək üçün əlimdən gələni etməyə çalışdım. Təcridxanada azadlıqda olduğum kimi oldum.

Bir neçə dəfə saxlanılan şəxslərin ümumi maraqları naminə Bakı İstintaq Təcridxanasının rəhbərliyinə müraciət etdim və müsbət nəticələr də əldə etdim. Bu faktları orada saxlanılan onlarla şəxs və rəhbərlik də təsdiq edə bilər. Həbs müddətində həm Baş Prokurorluqda, həm polis bölməsində, həm təcridxanada, həm məhkəmələrdə mənə qarşı xüsusi diqqət və hörmətlə yanaşdılar, buna görə də dövlətimə, adı çəkilən qurumların mənimlə təmasda olan əməkdaşlarına təşəkkür edirəm.

Çox sayda tanıdığım və tanımadığım insanlar sosial şəbəkələrdə mənə dəstək verdilər, çox sayda qohumlar və dostlar daim ailəmin yanında oldular. Hər birinizdən Allah razı olsun! Bir daha millətimizin nə qədər qədirbilən, mərhəmətli, xeyirxah, ailə dəyərlərinə sadiq olduğuna əmin oldum”, - Ə.Verdiyev bildirib.

Ekspert qeyd edib ki, əslində həbsxana həyatı da kişilər üçün bir məktəbdir:

“Çox insanlarla təmasda oldum, çox kitab oxudum, ətrafıma qələbəmizin əhəmiyyəti barədə geniş məlumatlar təqdim etdim. Az sonra ətrafımda kitab oxuyanların və yerli KİV-ləri izləyənlərin sayı maksimum artdı, bu insanlar qələbəmizin davamını gözləməyə başladılar. Prezidentimizə tam dəstək verən insanlar Komandanımızın əhv və amnistiya qərarlarını səbirsizliklə gözləyirlər.

İctimai fikrə təsir etmək imkanımdan maksimum istifadə edərək insanlara doğru məsləhət verməyə çalışırdım, onları bundan sonra səhv addımlardan kənar olmağa dəvət edirdim. Bundan sonra da dövlətimiz naminə eyni istiqamətdə fəaliyyətlərimi davam etdirəcəm. Bu gün bir daha bildirirəm ki, heç bir anlaşılmazlıq, məhdudiyyət və ya həbs mənim dövlət, bayraq və vətən sevgimə mənfi təsir edə bilməz. Uca Tanrı müzəffər Ali Baş Komandanımızı, qalib dövlətimizi, qəhrəman əsgərimizi, üçrəngli bayrağımızı və mərd xalqımızı qorusun!”

Xatırladaq ki, ötən ilin noyabrın 22-də təşkil olunmuş mediaturda hərbi-ekspert qismində iştirak etmiş Ədalət Verdiyevin Azərbaycan Silahlı Qüvvələrinin döyüş məntəqələrinin yerləşdiyi əraziləri lentə alaraq sosial şəbəkə hesabı vasitəsilə yaymasına və Azərbaycanın qanunla qorunan dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilmişdi.



Sizin reklam burada
Sizin reklam burada