Hazırda Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə məhz Ulu Öndərin siyasi kursunu davam etdirərək regionun lider ölkəsinə çevrilmişdir
Azərbaycan xalqının
tarixində elə günlər var ki, bu günlər təkcə təqvimdə qeyd olunan tarix deyil,
millətin taleyini dəyişən, gələcəyini müəyyən edən dönüş nöqtələri kimi əbədi
yaddaşlara həkk olunur. Məhz belə günlərdən biri də 15 İyun – Milli Qurtuluş Günüdür.
Bu gün Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən
hakimiyyətə qayıtdığı gün kimi, dövlətçiliyimizin, müstəqilliyimizin və
sabitliyimizin əsasını qoymuş tarixi bir gündür.
Tarixdən məlumdur ki, Ulu Öndər Heydər
Əliyevin 1987-ci ildə Sovet rəhbərliyindəki yüksək vəzifəsindən – SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini postundan istefa verməsi və siyasi
hakimiyyətdən getməsi Azərbaycan üçün ağır nəticələrə səbəb oldu. Heydər Əliyev
1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi
Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə
etiraz olaraq tutduğu vəzifələrdən istefa verib. İstefa verməsindən iki həftə
keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları o
vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb
Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmış və Azərbaycan
xalqının faciələri o gündən başlamışdır. Əgər Heydər Əliyev hakimiyyətdə təmsil
olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət
etməzdilər
1988-ci ildən etibarən Ermənistanın
Azərbaycana qarşı ərazi iddiaları açıq münaqişəyə çevrildi. Dağlıq Qarabağda
ermənilərin separatçı fəaliyyətləri genişləndi, Azərbaycanlılar öz dədə-baba
torpaqlarından qovulmağa başlandı. Bu dövrdə Azərbaycanın siyasi rəhbərliyi
zəif və iradəsiz idi, xalqın hüquqları layiqincə müdafiə olunmurdu. Ulu Öndərin
yoxluğu təkcə rəhbərlik boşluğu deyil, həm də milli mübarizənin istiqamətini
itirməsi demək idi.
1991-ci ildə müstəqillik bərpa edildikdən
sonra vəziyyət daha da pisləşdi. Heydər Əliyevin siyasi təcrübəsi və liderlik
qabiliyyəti olmadığı halda, ölkədə idarəetmə xaosa sürükləndi. Hakimiyyət
uğrunda gedən mübarizələr, müxtəlif siyasi qüvvələr arasında çəkişmələr,
vətəndaş qarşıdurması və iqtisadi iflic dövləti parçalanma həddinə gətirdi.
Xalq bu proseslər fonunda lider yoxluğunu daha
dərindən hiss etməyə başladı. Heydər Əliyevin yoxluğu ilə ölkədə siyasi
sabitlik, iqtisadi inkişaf və milli həmrəylik ciddi zərbə aldı.
1991-ci ildə müstəqilliyini yenidən qazanan
Azərbaycan Respublikası ağır və çətin sınaqlarla qarşı-qarşıya qalmışdı. Siyasi
idarəolunmazlıq, iqtisadi tənəzzül, sosial gərginlik və ən əsası, Qarabağda
davam edən müharibədə ağır itkilər xalqı ümidsizliyə sürükləyirdi. 1993-cü ilin
yayında isə vəziyyət daha da kəskinləşdi – ölkədə vətəndaş qarşıdurması
təhlükəsi real həddə çatdı, dövlətin parçalanması təhlükəsi yarandı.
Bu kritik məqamda xalqın bütün təbəqələri bir
ümumi çağırışla ölkənin xilası üçün yeganə ünvanı göstərdi: Heydər Əliyev!
Artıq xalq anlayırdı ki, bu gərgin vəziyyətdən yalnız siyasi uzaqgörənliyə,
təcrübəyə və liderlik qabiliyyətinə malik bir şəxs Azərbaycanı xilas edə bilər.
Naxçıvanda yaşayan Ulu Öndər xalqın bu səsini eşitdi və 9 iyun 1993-cü ildə
Bakıya dəvət edildi. Cəmi bir neçə gün sonra, 15 iyun 1993-cü ildə Azərbaycan
Ali Sovetinin sədri seçilərək faktiki olaraq ölkə rəhbərliyini öz üzərinə götürdü.
Heydər Əliyevin qayıdışı ilə Azərbaycan
müstəqil dövlət kimi dağılmaqdan, xaosdan və anarxiyadan xilas oldu. İlk
növbədə, ölkədə ictimai-siyasi sabitlik təmin edildi. Vətəndaş müharibəsinin
qarşısı alındı, ordu quruculuğu sahəsində ciddi addımlar atıldı, dövlət
institutları formalaşmağa başladı. Məhz bu dövrdən başlayaraq Azərbaycanın
gələcək inkişaf konsepsiyası formalaşdı.
Ən önəmlisi isə Ulu Öndər xalqın dövlətə
inamını bərpa etdi. Onun rəhbərliyi ilə qısa müddətdə mühüm beynəlxalq
müqavilələr imzalandı, “Əsrin müqaviləsi” adlanan neft strategiyası ilə
Azərbaycan dünya iqtisadi sisteminə inteqrasiya olundu. Nəticədə ölkəyə sərmayə
axını başlandı və iqtisadiyyatın dirçəlməsi üçün zəmin yaradıldı.
Milli Qurtuluş Günü təkcə siyasi dəyişiklik
deyil, bir xalqın varoluş mübarizəsinin simvoludur. Bu günün əhəmiyyəti
bundadır ki, Azərbaycan dövləti və milləti Heydər Əliyev şəxsiyyətində öz
xilaskar liderini tapdı və onun rəhbərliyi ilə yenidən ayağa qalxdı. Hər il 15
iyun tarixi bu səbəbdən yalnız bir bayram deyil, həm də xalqla lider arasında
qurulan güclü bağın, milli həmrəyliyin və dövlətçilik iradəsinin təntənəsidir.
Azərbaycan Respublikası Milli Məclisinin
qərarı ilə 15 İyun 1997-ci ildən etibarən rəsmi olaraq “Milli Qurtuluş Günü”
kimi qeyd olunur. Bu, təkcə bir siyasi qərar deyil, həm də xalqın tarixi
yaddaşında həkk olunmuş böyük bir qələbənin hüquqi ifadəsidir. Heydər Əliyev
demişdir: “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın
müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına
həsr olunacaqdır”. O, bu fikrini sonadək doğrultdu. 15 İyun – Milli Qurtuluş
Günü də məhz bu xidmətin, bu tarixi qayıdışın və xalqın xilası uğrunda verilmiş
mübarizənin təcəssümüdür.
Ulu Öndər Heydər Əliyevin qayıdışı ilə
başlayan Qurtuluş tarixi, bu gün müstəqil Azərbaycanın qüdrətli addımlarında,
paytaxt Bakının səmaya ucalan binalarında, kəndlərə çəkilən yollarında,
gənclərin elmə, mədəniyyətə olan marağında, azad edilən Qarabağ torpaqlarında
yenidən səslənir. Bu sədalar təkcə keçmişin əks-sədası deyil, gələcəyə yönəlmiş
inamın və iradənin canlı ifadəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham
Əliyev azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur,
Şuşada, Xankəndidə Novruz tonqalı alovlandırır, Böyük Qayıdışın
reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir.
Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr
fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl
guşələrindən birinə çevriləcək.
Hazırda Azərbaycan Prezident İlham Əliyevin
rəhbərliyi ilə məhz Ulu Öndərin siyasi kursunu davam etdirərək regionun lider
ölkəsinə çevrilmişdir. 44 günlük Vətən müharibəsində əldə olunan Qələbə də
birbaşa bu siyasi irsin, milli birliyin və strateji uzaqgörənliyin nəticəsidir.
Bu gün
Azərbaycan xalqı sabit, müstəqil və qüdrətli bir dövlət kimi yaşayırsa, bunun
təməlində məhz 1993-cü ilin 15 iyununda atılmış tarixi addım dayanır. Məhz buna
görə 15 İyun hər bir azərbaycanlının qürurla andığı, milli birlik və
vətənpərvərlik ruhunu yaşatdığı müqəddəs bir gündür.
Zenfira Nurullayeva
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin
xor ixtisası üzrə müəllimi,
Azərbaycan Respublikasının Əməkdar müəllimi