Sürətli vaxta qənaət: ADY rəqəmsal yeniliklərə imza atıb

Sürətli vaxta qənaət: ADY rəqəmsal yeniliklərə imza atıb
28 Dek 2024 12:39

ADY 2024-cü ildə prioritet istiqamətlərindən biri olan rəqəmsallaşma sahəsində bir sıra uğurlara imza atıb. Rəqəmsal yeniliklər ADY-nin strategiyasına uyğun olaraq həyata keçirilir və əməliyyat səmərəliliyinin, ölkə ərazisindən keçən beynəlxalq dəhlizlər üzrə tranzit həcmlərinin artırılmasına xidmət edir.

News365.az xəbər verir ki, Azərbaycanı qlobal nəqliyyat qovşağına çevirməyi qarşısına məqsəd qoyan ADY 2024-cü ildə də Şimal-Cənub, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri boyunca yerləşən ölkələrlə dəmiryol nəqliyyatı infrastrukturunun rəqəmsallaşdırılması üzrə əməkdaşlığı genişləndirib, onlayn tarif kalkulyatoru və “ADY Smart” platforması ilə yük sahibləri üçün səmərəli, sürətli və “bir pəncərə” sisteminə əsaslanan xidmətlər paketi təqdim edib. Yükgöndərənlər artıq “ADY Smart” vasitəsilə yükün qeydiyyatından başlamış daşınmasına qədər bütün prosesləri real vaxt rejimində izləmək imkanı əldə edib.

“ADY Smart”ın təqdim etdiyi yeniliklərdən biri saatlarla davam edən yük əməliyyatlarının müddətini 20 dəqiqəyə qədər azaldan rəqəmsal iş icazəsi (naryad) sistemidir. Bu funksionallıq müştərilərə naryadın ayrılması üçün müraciəti “ADY Smart” vasitəsilə elektron qaydada, kağız sənədləşmə olmadan birbaşa təqdim etmək, yük qaimələrini elektron formada hazırlamaq, eyni zamanda, emal və maliyyə sənədlərini sürətli qəbul etmək imkanı verir. Avtomatlaşdırılmış naryad prosesi sayəsində müştərilər vaxta qənaət edərək sistemdəki elektron kabinet üzərindən naryadın ayrılma prosesinin bütün mərhələ və statuslarını izləyə bilir.

Digər mühüm nailiyyət beynəlxalq daşımaları sürətləndirən vahid CIM/SMGS elektron yük qaiməsinin tətbiqidir. Bu həll bir neçə sənədi bir formatla əvəz etməyə imkan verir, gömrük prosedurlarını sürətləndirir və sərhədi keçərkən ortaya çıxa biləcək riskləri azaldır. Hesab-faktura olduğu kimi qonşu ölkələrin mövcud İT sistemlərinə ötürülür və “vahid daxiletmə” prinsipi ilə işləyən avtomatlaşdırılmış məlumat mübadiləsini təmin edir. Bütövlükdə bu dəyişikliklər gömrük proseslərini sadələşdirir, beynəlxalq ticarətin inkişafına dəstək verir və iqtisadi əlaqələri gücləndirir.

Rəqəmsal həllər sayəsində sərnişindaşıma sahəsində də yeniliklər həyata keçirilib. Ötən il istifadəyə verilmiş “ADY Mobile” tətbiqinin mobil cihazlara yüklənmə sayı 166 mini ötüb. Sərnişinlərin təqribən 70 faizi biletlərini onlayn alır.

Yeniliklərdən biri ölkədaxili sərnişin qatarlarına minik zamanı fiziki şəxsiyyət vəsiqəsinə olan tələbin aradan qaldırılması ilə bağlı olub. Artıq “My.gov.az” portalından QR kod vasitəsilə elektron vəsiqəni təqdim etmək kifayətdir.

Hazırda turniketlərdən üztanıma sistemi vasitəsilə keçid üçün işlər görülür. Bu, pik saatlarında turniketlərdə sıxlığın yaranmasının qarşısını alacaq. Layihənin əvvəlcə pilot şəklində işə salınması planlaşdırılır.

ADY tərəfindən rəqəmsallaşma sahəsinə qoyulan investisiyalar təkcə ölkənin iqtisadi artımına deyil, həm də vətəndaşların həyat keyfiyyətinin yaxşılaşmasına töhfə verir.


Youtube kanalımız