Supermarketlərdə yeni fırıldaqçılıq- Tural İrfan yazır

Supermarketlərdə yeni fırıldaqçılıq- Tural İrfan yazır
09:47
Qiymətlər qalxıb hər şey bahalaşdıqca sanki bəzi adamlar bir - birindən heyf almağa başlayıb. Aldatmaq, itirdiyini başqasının hesabına konpensasiya etmək istəyir bəziləri. Böyük marketlərin çoxu böyük fırıldaqçılıqla məşğuldur. Xırda adamların şikayətinə-zada da baxan yoxdur. "Rahat" market və "Oba" marketdə dəfələrlə fırıldaqçılıqla qarşılaşmışıq. Həmçinin başqalarının da aldadıldığının şahidi olmuşuq.
Məhsulun üstünə yalandan endirimli qiymət yazırlar. Sən də cibindəki pula görə ərzaq götürüb kassada hesabladıb görürsən ki, endirimli qiymətlə deyil, əvvəlki qiymətlədir. Çox vaxt basabas yaranmasın deyə hamı tələsik kassadan ayrılır, yalnız evə gəlib baxanda görür ki, onu aldadıblar.
Yaxud kassadan ayrılmamış fərqinə varıb etiraz edəndə də guya yanlışlıq olubmuş kimi görkəm alıb yüz yalan quraşdırırlar. "Rahat" marketdə dəfələrlə bir məhsulu kassada iki dəfə hesablayıb ikiqat pulunu alıb. 17 manatlıq ərzaqa 27 manat almışdı. Qayıdıb araşdırma tələb etdik, pulu qaytardılar. Heç bir üzrxahlıq da etmədilər. Elə bir yekəxana görkəm aldılar ki, üzlərindən bu söz oxunurdu sanki: "Ə hara gedib şikayət edirsən et, onsuz da heç nəyə nail ola bilməyəcəksən." Artıq bununla neçənci səfəridir ki, belə kələk gəldiklərini dedikdə isə bildirdilər ki, hara istəyirsiniz şikayət edin, bizə fərqi yoxdur, xoş deyilsə bizdən almayın... Az qala adamın özünü borclu çıxarırdılar. İndi də "Oba" marketdə bu fırıldaqçılıqla qarşılaşdıq. Masazırda fəaliyyət göstərən bu dükanlar şəbəkəsinə nəzarət edən məsul şəxslərin hər axşam hesab - kitab edərək satıcılar vasitəsi ilə yığılan bu haram pulları böldükləri haqda müştərilərin söhbəti məni də bu barədə düşünməyə vadar etdi. Çünki edilən bu fırıldaqçılıqlara şəbəkənin aidiyyəti məsul şəxslərinin biganə yanaşması bu soyğunçuluqda onların əlinin olduğunu bir növ sübut edir.
Yekə fırıldaqları yekə pərdələrlə örtürlər. Bəlkə də mənim yazdıqlarım və gətirdiyim faktlar bu oyunu quranların dərin düşünüb bütün ehtimalları nəzərə alaraq tam təhlükəsiz şəkildə təşkil etdikləri bu soyğunçuluğun sübutu üçün zəif görünə bilər. Ancaq yüzlərlə aldadılmış adamın etirazı, dükandakı çəkiliş kameraları və digər çılpaq həqiqətlər bu kələyin isbatı üçün yetərlidir.
Toxunulmazlıq almış bu marketlər şəbəkəsinin bu cür ifrat şəkildə soyğunçuluq həyata keçirməsi, insanları aldatması qəbuledilməzdir.
Ağır sosial durumda sıxılıb gərginləşmiş adamların qanı qara, fikirli, qayğılı anında, bu minvalla iki gündən bir tanıdıqlarımızın stresdən, infarktdan, xərçəngdən, insultdan cavan yaşda həyatını itirdiyi bir dönəmdə bu marketlər şəbəkələrinin də bir yandan zülm etməsi biz miskin zümrənin nəfəsliyini qapatmaq deməkdir...
Bu marketlərin kasıb camaatı beləcə boğmağa əsla ixtiyarı və hüququ yoxdur! Araşdırılıb heç bir tədbir görülməyəcəyinə əminliyim olduğu üçün şikayəti də hədər hesab edirəm...
Tural İrfan, politoloq

Sizin reklam burada
Sizin reklam burada