Subasmalarında izolyasiyanın effekti varmı? -Ekspertlə müsahibə

Subasmalarında izolyasiyanın effekti varmı? -Ekspertlə müsahibə
03 Apr 2026 18:15

Müsahibimiz izolyasiya məsələləri üzrə ekspert Rauf Əhmədovdur. 

- Son günlər yağan intensiv yağışlar nəticəsində evlərin və küçələrin qısa zamanda su altında qalmasının əsas səbəbləri nələrdir?

- Təəssüf ki, son günlər yağan intensiv yağışlar bir çox infrastruktur layihələrinə, yeni tikili binalara və xüsusilə fərdi həyət evlərinə ciddi ziyan vurdu. İnsanlar artıq problem yarandıqdan sonra izolyasiya şirkətlərinə müraciət etməyə başlayırlar. Əsas problem isə odur ki, biz bu riskləri əvvəlcədən hesablaya bilmirik və ya hesablamaq istəmirik. Halbuki tikintinin ilkin mərhələsində ərazinin xüsusiyyətləri, təməldə qrunt suyunun olub-olmaması və drenaj sistemlərinin necə qurulacağı kimi məsələlər nəzərə alınmalıdır.

- Azərbaycanda fərdi evlər və binalar su izolyasiyası baxımından nə dərəcədə standartlara cavab verir?

- Azərbaycanda tikinti sektoru son illərdə sürətli inkişaf etsə də, bu sahə hələ də tam formalaşmayıb. 2004-cü ildən sonra yeni nəsil izolyasiya texnologiyaları tətbiq olunmağa başlasa da, standartlara əməl etməyən tikililər hələ də mövcuddur. Nəticədə ilk baxışda problemsiz görünən evlərdə ilk güclü yağışdan sonra ciddi problemlər üzə çıxır. Ümumilikdə fərdi evlərin təxminən 60–70 faizində, binaların isə 50–60 faizində keyfiyyətli izolyasiya tətbiq olunur.

- Su basmaların qarşısını almaq üçün ən vacib izolyasiya növləri hansılardır?

- İzolyasiya növü ərazinin xüsusiyyətindən asılı olaraq dəyişir. Quru ərazilərdə bitum-kauçuk, PVC membran və sürmə izolyasiyalar kifayət edir. Lakin qrunt suyu olan ərazilərdə daha kompleks yanaşma tələb olunur. Bu zaman PVC membran sistemləri, SikaProof A kimi texnologiyalar, fundament və perde divarlarda poliurea və ya bitum əsaslı materiallar tətbiq olunur. Əsas məsələ layihəni əvvəlcədən düzgün analiz etməkdir.

- Sizcə tikinti zamanı ən çox buraxılan səhv hansı izolyasiya mərhələsində olur?

- Ən böyük səhvlərdən biri qeyri-peşəkar şəxslərə müraciət olunmasıdır. İzolyasiya çox həssas sahədir və burada ən kiçik səhv belə uzunmüddətli problemlərə səbəb ola bilər. Bəzən müştərilər internetdən əldə etdikləri natamam məlumatlara əsaslanaraq qərar verməyə çalışır və bu da keyfiyyətsiz nəticə ilə yekunlaşır. Peşəkar yanaşma bu sahədə əsas şərtdir.

- Mövcud evlərdə sonradan effektiv hidroizolyasiya tətbiq etmək mümkündürmü?

- Bəli, mümkündür. Lakin bu, vaxtında görülən işlə müqayisədə daha çətin və daha bahalı başa gəlir. Fərdi evlərdə fundament hissəsi qazılır, mövcud qatlar sökülür və çətin şəraitdə iş aparılır. Zirzəmilərdə isə daha mürəkkəb və bahalı üsullar, məsələn injeksiya texnologiyası tətbiq olunur. Yəni gecikmiş izolyasiya daha böyük xərc deməkdir.

- Sadə və büdcəyə uyğun hansı izolyasiya həlləri var ki, bunu insanlar özləri də tətbiq edə bilər?

- Bəzi hallarda, xüsusilə quru ərazilərdə yerləşən kiçik tikililər üçün sadə izolyasiya həlləri mövcuddur. Texniki məlumat əsasında insanlar bu işləri özləri də görə bilər. Lakin ümumi olaraq izolyasiya işlərinin peşəkar mütəxəssislər tərəfindən aparılması daha doğru və təhlükəsizdir.

- Kanalizasiya və yağış sularının axıdılması sistemində əsas problemlər nələrdir?

- Bu sahə daha çox dövlət və aidiyyəti qurumların məsuliyyətinə daxildir. Lakin qeyd etmək lazımdır ki, düzgün qurulmayan drenaj sistemləri və planlaşdırılmayan su axıdılması problemləri su basmalarını qaçılmaz edir. Keyfiyyətli izolyasiya ilə yanaşı düzgün mühəndislik planlaması da vacibdir.

- Belə hava şəraitindən sonra izolyasiya xidmətlərinə tələbatda artım müşahidə olunurmu?

-Bəli, yağışlı günlərdə müraciətlərin sayı kəskin artır. Telefonlarımız demək olar ki, susmur. Lakin çox vaxt insanlar artıq problem yarandıqdan sonra müraciət edir. Bundan əlavə, bazarda “makler evləri” kimi tanınan keyfiyyətsiz tikililər də bu problemlərin artmasına səbəb olur. İnsanlar yalnız xarici görünüşə aldanaraq bu evləri alır və sonradan ciddi problemlərlə qarşılaşır. Su basmalarının əsas səbəbi yalnız təbii faktorlar deyil. Bu problemlərin kökündə düzgün planlaşdırılmayan tikinti, zəif izolyasiya və qeyri-effektiv drenaj sistemləri dayanır. Problemin həlli isə tikintinin ilkin mərhələsindən başlayaraq qabaqlayıcı tədbirlərin görülməsindən keçir.


Sizin reklam burada
Sizin reklam burada