Sabirabad rayonunun Saraxanbəyli kəndində zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb.
Bu barədə Şirvan Şəhər Mərkəzi Xəstəxanasından (ŞMX) məlumat verilib.
Bildirilib ki, zəhərlənən şəxslərin vəziyyəti stabildir:
"Fevralın 12-də saat 01:20-da zəhərlənmə şübhəsi ilə dörd nəfər (üçü qadın, biri kişi olmaqla) Şirvan ŞMX-nin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
Onlara dəqiqləşdirilməmiş virus mənşəli bağırsaq infeksiyası diaqnozu təyin edilib.
Pasiyentlərin huşu aydın və həyat göstəriciləri normal olaraq qiymətləndirilib. Onlara ilkin tibbi yardım göstərilib. Bir neçə saat müşahidə altında saxlanıldıqdan sonra vəziyyətləri stabil qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar.
Vəziyyəti yenidən pisləşən 2015-ci il təvəllüdlü azyaşlı (kişi) fevralın 12-də saat 15:00-da Şirvan ŞMX-yə hospitalizasiya olunub. Həkim heyəti tərəfindən azyaşlının bioloji ölüm faktı təsdiqlənib.
Hazırda digər üç nəfərin müalicəsi Şirvan ŞMX-nin Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir".