"Rusiya Azərbaycandan daha çox asılı vəziyyətdədir” - Politoloqdan şərh

"Rusiya Azərbaycandan daha çox asılı vəziyyətdədir” - Politoloqdan şərh
15 İyl 2025 16:13

"Rusiya Azərbaycandan daha çox asılı vəziyyətdədir” 

Politoloq Mehman İsmayılov News365.az-a açıqlamasında bildirib ki, Rusiya həm iqtisadi, həm də siyasi baxımdan təhlükəli və təzyiqçi bir dövlətdir. Onun sözlərinə görə, Rusiya təkcə digər ölkələrə qarşı deyil, öz vətəndaşlarına qarşı da terror metodlarından istifadə edən bir sistemə sahibdir.

“ABŞ-ın sabiq prezidenti Ronald Reyqan Rusiyanı ‘Şər İmperiyası’ adlandırmaqla bu ölkənin mahiyyətini çox dəqiq ifadə etmişdi. Rusiya, xüsusilə Putinin hakimiyyətə gəlişindən sonra Moskva və Volqodonskda baş verən terror aktları ilə öz vətəndaşlarına qarşı belə təxribatlardan istifadə edib. Bu faktları rusların özləri də təsdiqləyir”, – deyə politoloq bildirib.

M. İsmayılov, eyni zamanda, Rusiyanın Azərbaycan vətəndaşlarına, xüsusilə biznesmenlərə qarşı kobud və qanunsuz rəftar etdiyini vurğulayıb:

“Rusiyada azərbaycanlı biznesmenlərə qarşı qəddar, kobud və qanunsuz həbslər həyata keçirilir. Onlara qarşı reydlər təşkil olunur. Bu, münasibətlərin sağlam olmadığını göstərir”.

Politoloq qeyd edib ki, iqtisadi göstəricilər Rusiya ilə Azərbaycan arasında asılılıq münasibətlərində balansın Rusiya əleyhinə olduğunu nümayiş etdirir:

“İllik ticarət dövriyyəsi 5 milyard dollar civarındadır. Bunun 3 milyard 620 milyon dolları Rusiyanın Azərbaycana ixrac etdiyi malların payına düşür. Azərbaycan isə Rusiyaya 1 milyard 710 milyon dollar dəyərində məhsul ixrac edir. Əgər tərəflər arasında ticarət əlaqələri dayandırılsa, Rusiya daha çox itirəcək”.

Politoloq əlavə edib ki, Rusiya 200 ildən çoxdur reallaşdırmaq istədiyi Şimal–Cənub nəqliyyat dəhlizinin taleyini də Azərbaycandan asılı vəziyyətə salıb:

“Əgər Rusiya Azərbaycana qarşı sanksiyalar tətbiq etsə və ya təzyiqləri artırsansa, Azərbaycan buna adekvat cavab verəcək. Bu da Rusiyanın regionda daha da təcrid olunmasına səbəb olacaq”.

M. İsmayılovun fikrincə, Azərbaycan bu gün geosiyasi və iqtisadi baxımdan güclü mövqedədir və qarşılıqlı münasibətlərdə balanslı siyasət aparmaqda qərarlıdır.


Sizin reklam burada
Sizin reklam burada