"Ruben Vardanyanın Qarabağa gəlişi Rusiyanın ssenarisinin tərkib hissəsi idi".
Politoloq Əhməd Şahidov News365.az-a açıqlamasında bildirib ki, Ruben Vardanyanın bir neçə il əvvəl Qarabağa gəlişi Rusiyanın planlaşdırdığı ssenarinin tərkib hissəsi idi. Onun sözlərinə görə, erməni əsilli rusiyalı biznesmenin bölgəyə göndərilməsində məqsəd “Qondarma Dağlıq Qarabağ Respublikası”nda rəhbərlik etmək və Rusiyanın təsir imkanlarını gücləndirmək olub.
“Ruben Vardanyan ABŞ-da, xüsusilə Ağ Ev və Dövlət Departamentində ciddi nüfuza malik bir şəxs deyil. Onun arxasında daha çox Ermənistan daxilindəki revanşist qüvvələr və Rusiyaya bağlı siyasi dairələr dayanır. ABŞ-da isə əsas dəstəyi erməni diasporasından alır,” – deyə politoloq vurğulayıb.
Əhməd Şahidov əlavə edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan da Vardanyanın müdafiəsinə xüsusi maraq göstərmir və onun azadlığa buraxılması ilə bağlı ABŞ Prezidentinə hər hansı müraciət etməyib:
“Bu gün Azərbaycan və Ermənistan arasında sülh danışıqları aktiv fazadadır. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən son görüşlər də bunu təsdiqləyir. ABŞ Prezidenti Donald Tramp da ötən gün NATO Baş katibi ilə Ağ Evdə keçirdiyi görüşdə yaxın vaxtlarda sülh müqaviləsinin imzalanacağını bildirib,” – deyə politoloq qeyd edib.